9 C
Baku
Friday, December 13, 2024

Bankda çalışan Tural Həsənovun uğur hekayəsi

Tural Həsənov: “Vaxtı idarə etməyəndə özümü narahat hiss edirəm”

Öz işin üçün çalışmaq, müəyyən gəlir qazanmaqla yanaşı, həm də insanlara nə isə verməyə, onlar üçün faydalı olmağa cəhd göstərməyin vacibliyini vurğulayır. Deyir ki, insan yalnız öz mənfəətini düşünsə, heç vaxt böyük uğurlara nail ola bilməz. “İnsanlar üçün çalışanda onlar bunu hiss edir, sənə daha çox dəyər verirlər” – deyən müsahibimiz “DəmirBank” ASC-in Marketinq departamentinin müdiri, marketinq araşdırması üzrə mütəxəssis Tural Həsənovdur.

 

– Karyeralarında uğur qazananların içərisində bir sahə üzrə təhsil alıb, başqa istiqamətə keçid edənlər az deyil. Siz də həmçinin. Qeyd etmisiniz ki, marketinqə olan böyük marağınız sizi bu istiqamətə yönəldib. Marketinqin hansı maraqlı tərəfləri sizi cəlb etdi?

– Marketinq insanların psixologiyasını dərindən başa düşməyə çalışan və anlayan sahədir. Eyni zamanda bu psixologiyanı anlamaqdan irəli gələrək müəyyən kommersiya uğurları əldə etmək imkanı yaradır. Bu o deməkdir ki, insanların psixologiyasını, düşüncəsini müəyyən edərək müəssisələr satışlar həyata keçirə, uğur qazana bilərlər. Marketinq, insanları öyrəndikdən sonra öz biznesinin inkişafı üçün müəyyən addımları yönəldən bir elmdir. Bu kimi tərəflərindən dolayı, həmişə marketinqə marağım olub. Həm də rəngarəng işdir. Marketinq sahəsindən ümumi danışsaq, bura tək reklam və ictimaiyyətlə əlaqələr daxil deyil. Marketinq araşdırmaları, məhsul yaradılması və s. məsələlər də var. Marketinq deyəndə ümumi anlamda müəssisənin bir çox amilləri başa düşülməlidir. Olduqca geniş və maraqlı sahədir.

1513863096 tural6sayt

– Ali təhsiliniz hansı istiqamətdədir? Marketinqlə yaxınlığı nə dərəcədədir?

– Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquq üzrə təhsil almışam. O sahəni də insan davranışının müəyyən edilməsi, fikirlərin öyrənilməsi və s. kimi amilləri özündə cəmləşdirdiyinə görə seçmişdim. Sonra marketinqin daha maraqlı olduğunu gördüm və tələbəlik illərimdə artıq bu sahəyə keçid etdim. Marketinq araşdırmaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdə işə başladım. Sonra həmin şirkətdə müəyyən bir pilləyə çatdıqdan sonra düşündüm ki, əsl sahəm budur və marketinq istiqamətində mütəxəssis kimi özümü yetişdirməliyəm.

 

– Marketinq rəngarəng olsa da, maliyyə, bank məsələləri bir az qəlizdir. Maliyyə sektorunu özünüz seçdiniz, yoxsa işlər özü bu cür gətirdi?

– Seçimimi ikitərəfli əlaqələndirərdim. Birincisi, o vaxtlar maliyyə sektoru çox inkişaf etmişdi. Bu sahədə olan şirkətlər, müəssisələr digər sektorlarda olanlardan böyüklüyünə, müştəri sayına, insan və maliyyə resursuna görə fərqlənirdi. Digər tərəfdən, maliyyə sektorunu özüm də istəyirdim. Çünki bank marketinqi həqiqətən, çox maraqlıdır. Bank marketinqi ilə araşdırma şirkətində tanış olmuşdum. Biz araşdırma şirkəti olaraq müəyyən şirkətlərlə, müəssisələrlə marketinq araşdırmaları aparırdıq, onlar üçün iş həyata keçirirdik. Biz özümüzü layihə müddəti ərzində bank işçisi kimi təsəvvür edirdik, bank biznesini anlamağa çalışırdıq. Çünki bütün fikirlərimiz həmin sahəyə yönəlirdi. Qida sahəsində olanda qida sektorunda çalışan biri kimi və s. Bank sektoru ilə tanış olandan sonra gördüm ki, bu sektor həqiqətən də maraqlıdır, gözəl işlər görmək olar.

 

– Bank sektorunda gözlədikləriniz oldu?

– Marketoloq nöqteyi-nəzərindən bəli, oldu. Bank marketinqinin sürətli inkişafını gördük. Digər tərəfdən isə son illər bütün sahələrdə olduğu kimi bank sektorunda da bir qədər çətin vəziyyət yarandı. Amma bu vəziyyət idarəolunandır, böhranlar yekunda inkişafla nəticələnir. Xüsusilə, DəmirBank 28 il ərzində belə vəziyyətlərdən dəfələrlə çıxıb. İndi də biz çətinlikləri aşmışıq və işlərimizi davam etdiririk.

1513863036 tural2sayt

– Siz başladığınız illərdə maliyyə sektoru indiki kimi deyildi. İndi o vaxtla müqayisədə maliyyə sektorunun marketinqini aparmaqda fərq varmı?

– Ümumiyyətlə, zamanla iqtisadiyyatın, bazarın konyunkturası, alıcılıq qabiliyyəti dəyişib. Bazarda alıcıların düşüncəsi, psixologiyası tam olaraq fərqlidir. Bank sektoru ilə bağlı əhalinin maliyyə savadlılığı artıb. Bu, sevindirici haldır. Eyni zamanda, bazar prosesləri bank olaraq müəyyən addımlarımızı dəyişməyə gətirib çıxarır. Bəzən isə həyata keçirdiyimiz köhnə strategiyaları tam olaraq dəyişməyə də ehtiyac olur. Bank sektorunda çox dəyişiklik olduğu üçün bu, marketinq strategiyalarının da dəyişməsinə zəmin yaradıb.

 

– Təcrübəsiz vaxtlar və başqa sahədən gəlmiş adam… İnsan müəyyən bir təcrübə qazanandan sonra təcrübəsiz vaxtlarını yadına salanda, gülür. İşə yeni başladığınız vaxtları necə xatırlayırsınız?

– (Gülür) Təbii ki işə yeni başladığımız vaxtla təcrübə qazandığımız illər eyni olmur. Hər kəs işləyib təcrübə topladıqca hansısa ehtiyatsız addımlarından vaz keçir, düşüncəsiz, yaxud sona qədər düşünülməmiş addımlarından çəkinməli olur. Kim desə ki, məndə belə olmayıb, bu, inandırıcı gəlməz. Sektoru dəyişəndə mən də təcrübəsizliyin çətinlikləri ilə üzləşdim. Lakin istənilən tərəqqinin əsasında çətinlik durur. İstənilən irəliləyiş əldə etmək üçün komfort zonadan çıxmaq gərəkdir. Rahatlıq mühitindən çıxanda daha çox nailiyyət əldə etmək olur. Mən də oxuduğum kitablardan əldə etdiyim motivasiyaedici düşüncəni özümə aşılayırdım, “hər şey yaxşı olacaq” yanaşmasından istifadə edirdim, hər gün bu kimi optimist fikirlərlə oyanırdım. Ona görə çətinlikləri aşmaq mənim üçün böyük problem yaratmadı.

1513863084 tural4sayt

– Sonra marketinq sahəsində təhsil almaq ehtiyacı yaranmadı?

– Mənə görə, insan yaşadığı müddətcə öyrənməli, təhsilini artırmalı, zəif tərəflərini inkişaf etdirmək üstündə işləməlidir. Təhsilimi davam etdirməyi planlaşdırıram. Amma bunu diploma görə etməyəcəm. Həqiqi biliklər əldə etmək istəyirəm. Bununla bağlı qarşıdakı il ərzində marketinq, marketinq araşdırmaları sahəsində xaricdə ixtisaslaşmış təhsilimi davam etdirmək planım var. Bu, distant və ya ənənəvi təhsil metodu ilə ola bilər.

1513863094 tural7sayt

– Karyerada irəliləmə sürətiniz ləng getməyib. Bu, nəyin nəticəsində olub?

– Mən o tip insanlardanam ki, nəyisə bilmirəmsə, bunu deyəcəm. Yalandan bildiyimi iddia etməyəcəm. Lakin onu öyrənmək, nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Ümumiyyətlə, oxuyan, öz üzərində çalışan, işinə ciddi yanaşan insanlara irəli getmək üçün hər zaman yaşıl işıq var. DəmirBank da həmin müəssisələrdəndir ki, o yaşıl işığı verməyə hazırdır. Bizim bankda vəzifədə olan şəxslərin çoxu elə öz yetirmələrimizdir, şirkətdə özünü göstərdikcə irəliləyişlər olub. Fikrimcə, DəmirBank-ın bu sahədəki fəaliyyəti digər müəssisələrə nümunədir.

 

– Rejimlə işləmək sizə daha uyğundur, yoxsa sərbəst mühit?

– Rejimlə deyərdim. Ümumiyyətlə, mən universitetə qəbul olandan indiyə kimi hər gün plan qurmuşam. Düzdür, istirahət günləri də var, boş saatlar da ola bilər, ancaq iş günləri və işdən sonrakı fəaliyyətimi planlaşdırıram. Vaxtın idarə edilməsi çox yaxşıdır. Vaxtı idarə etməyəndə özümü narahat hiss edirəm.

 

– Bəs bu, sizə gərginlik vermir?

– Əvvəllər olurdu, deyirdim ki, bunu neynirəm axı? Sonra gördüm ki, yazmayanda və planlamayanda hər şey nəzarətdən çıxır. Gündəlik özümə çox planlar qoyurdum, onlara nail olmaq üçün vaxtın idarə edilməsi alətlərindən istifadə etməliydim. Əks halda, effektivlik aşağı düşür.

– Rus dilində fəaliyyət göstərən “ОпытХ” səhifəsi ilə bağlı adınız çəkilir. Orda işiniz nədən ibarətdir?

– Azərbaycanlı gənc Fuad Əliyevin “Zehin-x” layihəsi var, onun bu layihədə böyük əməyi var. O, öz gücü ilə ilk olaraq layihənin Azərbaycan versiyası olan “Zehin-x”i hazırlayıb, sonradan mən də daxil olmaq ilə bir sıra müxtəlif sahələrdən olan rəhbər vəzifəsində çalışan şəxslər ilə “ОпытХ”i də hazırlayıb. Orda materialların səsləndirilməsini edirəm. Qısa müddət ərzində səhifə çox məşhur oldu. Hazırda “Youtube”da 250 min izləyicisi var. Sosial şəbəkələrdə də izləyici sayı çoxdur. Ümumi videolara baxış sayı 4 milyon 800 mindir. Hələ ki cəmi 15 video təqdim olunub. Bu izləyici kütləsi çox böyük rəqəmlərdir, çünki biz cəmi bir neçə aydır ki başlamışıq.

– Səhifədən gəlir də var, deyəsən?

– Əslində, gəlir var, amma elə də çox deyil. Əsas məqsəd də gəlir deyil, insanlara kömək etməyə çalışırıq. Bunu başa düşürük ki, insanlara yaxşılıq etdikcə uğur əldə edəcəyik. İnsan yalnız öz mənfəətini düşünürsə, heç bir halda müəyyən uğur əldə edə bilməyəcək. Düzdür, kiçik uğurlar əldə edə bilər, amma böyük zirvələrə çıxa bilməyəcək. İnsanlara nə isə vermək lazımdır. İnsanlar üçün çalışanda onlar bunu hiss edir, sənə daha çox dəyər verirlər. Sonra ad da gəlir, vəzifə də, pul da.

 

– Həm də təlimçi kimi fəaliyyət göstərirsiniz. Təlimçilər bu gün çoxdur, burda da seçilmək lazımdır. Maraqlıdır, seçilmək üçün nələri edirsiniz?

– Bu gün elə sahələr var ki, o istiqamətdə təlimçilər həddindən artıq çoxdur, ona görə işini peşəkar görməklə yanaşı, həm də gərək seçilməyə çalışasan. Mən marketinq araşdırmaları sahəsində təlim keçirəm, eyni zamanda bankda ümumi marketinq departamentinin rəhbəriyəm. Mən olan sahədə təlim keçən rəqiblər yoxdur. Marketinq araşdırmaları sahəsində mütəxəssislər var, amma təlimini keçən demək olar ki, yoxdur. Hər təlimçinin riayət etməli olduğu qaydalar var. Onlara riayət etsən, mövzun maraqlı olsa, digərlərindən seçilə bilirsən.

 

– Bəzən insanı inkişafa rəqib motivasiya edir. Rəqib olmayanda inkişaf ləng gedə bilir…

– Razıyam, rəqib olmayanda inkişaf da olmur. Bizdə bu sahədə rəqiblər olmadığı üçün dünya trendlərindən bir qədər ləngiyə də bilərəm. Amma mən onu xaricilərin çıxışlarını izləməklə kompensasiya etməyə, özümü inkişaf etdirməyə çalışıram. Əlbəttə, rəqiblər olsaydı, daha yaxşı olardı. Azərbaycanda marketinq araşdırmaları sahəsində fəaliyyət göstərən kifayət qədər şirkət var, onların rəhbərləri də çox təcrübəli insanlardırlar, illərdir bu işlə məşğul olurlar, amma treninq keçirmirlər.

1513863115 tural5sayt

– Sizə görə uğurun sirri nədədir?

– İlk olaraq özünü anlamaqdadır. İnsan sona qədər özünü anlasa, güclü tərəflərini müəyyən etsə və o istiqamətdə fəaliyyət göstərsə, uğurlu olacaq. Çünki hər bir insanın elə bir xüsusiyyəti var ki onlardan istifadə edib zirvələrə çatmaq olar. O xüsusiyyəti aşkarlayıb, anlamaq lazımdır. Əgər siz hansısa bir işlə məşğulsunuzsa, o iş xoşunuza gəlmirsə, yalnız orada özünüzü rahat hiss edirsiniz deyə gedirsinizsə, heç bir halda uğur olmayacaq. Nəyisə qurban verərək daxilinizdəki səsə qulaq asmalı, nəyi ən yaxşı bacardığınızı bilməlisiniz.

 

Son xəbərlər
Digər xəbərlər