“Dövlətin dini himayə etməsi birbaşa qadağa deyil. Ona görə də dövlət din xadimlərinə və dinimizə himəyadırlağı həyata keçirməlidir”.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun Əsasnaməsində Dövlət Komitəsi tərəfindən dini qurumlara heç bir maddi yardım göstərməməsi barədə müddəaya və bununla bağlı Əsasnaməyə dəyişikliyin nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problem və çətinliklər yarana bilər.
Komitə sədri əlavə edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə cəmi 17 məscid vardı: “Bu gün Azərbaycanda 2240-dan çox məscid var. Son illərdə tikilən məscidlərin sayı kifayət qədərdir. Prinsip etibarilə “din dövlətdən ayrıdır” məsələsinə istinad edib, məscidlərə, dini icmalara, din xadimlərinə sosial xarakterli yardımlar göstərməsək, müəyyən maddi çətinliklər ortaya çıxa bilər”.
M.Qurbanlı qeyd edib ki, dini icmalara yardım hər hansı qanun pozuntusu deyil: “Bu, qanuna uyğun şəkildədir. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına bu cür layihələr həyata keçirilir. Ona görə də biz bu istiqamətdə işləri davam etdirməliyik. Azərbaycanda dinimizin dövlət tərəfindən himayəsi xəttini ardıcıl şəkildə yerinə yetirməliyik”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırda qüvvəddə olan Əsasnaməsinin birinci maddəsində qeyd edilib ki, Komitə dini qurumlara heç bir maddi yardım göstərmir. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu da Dövlət Komitəsinin tabeliyindədir. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir.