Türkiyədə ən çox istifadə edilən yanacaq növü olan dizelə 0,5% biodizelin əlavə edilməsi ilə bağlı qərarın tətbiqinə başlanılıb. “Haberler” saytına istinadən, yanacaq bazarında satılan hər 200 litr dizelin tərkibində 1 litr biodizel olacaq.
Qeyd edək ki, müvafiq qərar Türkiyə Enerji Bazarına Nəzarət İdarəsi tərəfindən 2017-ci ilin iyun ayında qəbul olunub və biodizelin dizellə qarışdırılması ilə bağlı minimum həddin müəyyən edilməsindən sonra bu il yanvar ayının 1-dən qüvvəyə minib. Dəyişiklik nəticəsində dizelin tərkibinə kənd təsərrüfatı məhsullarından və ya istifadə olunmuş bitki tərkibli yağlardan istehsal olunmuş biodizel qatılacaq.
Xatırladaq ki, Türkiyədə istehlak olunan yanacağın 84%-ni dizel təşkil edir. Bu da onu deməyə əsas verir ki, 2018-ci ildə 0,5% biodizel əlavə olunması nəticəsində təxminən 115 min ton biodizel istehsal olunacaq. Türkiyədə 12 lisenziyası olan biodizel istehsalçısı var və onların illik istehsal gücü 240 min ton təşkil edir.
Biodizel aspir və kanola yağlarından istehsal edilir. Biodizel özü də yanacaq kimi istifadə oluna bilər, amma əsasən dizellə qarışdırılaraq istifadə olunur. Dizellə müqayisədə yağlama əmsalı yüksək olduğundan avtomobil mühərriklərinin istismar müddətini uzadır. Həmçinin, ətraf mühitin qorunması baxımından yanmayan hiidrokarbon əmsalı, dizellə müqayisədə 90% və digər kanserogen təsiri olan hidrokarbonatlarla müqayisədə 75-90% daha azdır.