2 C
Baku
Saturday, December 14, 2024

“Saudi Aramco” səhmdar cəmiyyətinə çevrilir

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” səhmdar cəmiyyətinə çevrilir.

Bu barədə Səudiyyə Ərəbistanı Nazirlər Kabineti qərar qəbul edib. Bildirilir ki, qərar 2018-ci ilin əvvəlindən qüvvəyə minir. Nazirlər Kabineti qərar çərçivəsində birbaşa və ya bilavasitə “Aramco”ya məxsus şirkətlərin bu prosesə uyğunlaşması üçün 5 il vaxt verib. Bu müddət zəruri hallarda uzadıla da bilər.

“Saudi Aramco” 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək. Gündəlik 10 milyon barreldən çox xam neftin istehsal edən “Aramco” dünya üzrə neft hasilatının 12 faizini həyata keçirir. Eyni zamanda, şirkət Səudiyyə Ərəbistanının büdcə gəlirlərinin üçdə ikisini təmin edir.

“Saudi Aramco”nun 5 faizlik səhmlərinin bu il satışa çıxarılması nəzərdə tutulur. Bu satışdan sonra şirkətin dəyərinin 2 trilyon dollara çatacağı proqnozlaşdırılır. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfərə isə əcnəbi vətəndaş işləyir.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər