“Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək”.
Bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib.
“Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcək. Bu, ilk növbədə onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən, onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir”, – deyə dövlət başçısı əlavə edib.