Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayılıb.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Naziriliyindən bu barədə məlumat verilib.
2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat, xərcləri 17588,3 mln. manat olmuşdur.
Gəlirlər
2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16766,0 mln. manat proqnoza qarşı 16446,9 mln. manat və ya 98,1 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6972,0 mln. manat və ya proqnoz 91,2 faiz icra olunmuşdur. Həmin vəsaitin 74,5 faizi və ya 5192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2608,8 mln. manat vəsait daxil olmuş və proqnoz 115,9 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6100,0 mln. manat vəsait transfert edilmişdir.
2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 mln. manat, sair daxilolmalardan 150,0 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.
2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4401,8 mln. manat icra olunmuşdur.
Xərclər
2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,0 faiz və ya 17588,3 mln. manat icra edilmişdir.
2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4804,6 mln. manat icra olunmuşdur.
2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10921,1 mln. manatı və ya 62,1 faizi cari xərclərə, 5153,5 mln. manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1513,7 mln. manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3 faiz çoxdur.
Dövlət büdcəsinin kəsiri
Dövlət büdcəsinin kəsiri 1141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olmuşdur.
Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqəlrinin satışından, 106,5 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilmişdir.
İcmal büdcə
2017-ci ilin icmal büdcəsinin gəlirləri 23951,6 mln. manat, xərcləri isə 24982,6 mln. manat icra olunmuşdur. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5 faizini və ya 1031,0 mln. manat təşkil etmişdir.