Gürcüstanın coğrafi vəziyyətini nəzərə alsaq, beynəlxalq nəqliyyat dəhlizi bu ölkənin gəlirlərində mühüm rol oynayır.
Agentliyin Gürcüstan bürosu xəbər verir ki, bu ölkənin ən sabit gəlirli sahəsi neft-qaz kəmərləri ilə daşınmalardan əldə olunub.
Bu sahədə gəlirlər ildə orta hesabla 300 milyon dollar olub.
Bundan başqa, müsbət tendensiya hava nəqliyyatında qeydə alınıb. Belə ki, 2016-cı ildə bu sahədə 11 milyon dollarlıq mənfi balans olsa da, 2017-ci ilin yanvar-sentyabr aylarında 26 milyon dollarlıq müsbət balans əldə olunub.
Amma digər nəqliyyat sektorlarında xərclər gəlirləri xeyli üstələyib. 2015-ci ildən başlayaraq Gürcüstanın nəqliyyat əməliyyatlarına xərclədiyi vəsaitin həcmi gəlirlərini bir neçə dəfə üstələyib və ölkənin beynəlxalq nəqliyyat xidmətlərində mənfi balans yaranıb.
Belə ki, 2010-cu ildə bu sahədəki müsbət balans 141 milyon dollar olub. Növbəti 2011-ci ildən başlayaraq bu sahədə gəlirlər azalmağa başlayıb və 2015-ci ildə mənfi balans yaranıb. 2016-cı ildə xərclər gəlirləri 40 milyon dollar üstələyib. 2017-ci ilin yanvar-sentyabr aylarında isə bu rəqəm 77 milyon dollar təşkil edib.
Ən böyük zərərlə işləyən Gürcüstan dəmir yolları olub. Bu sahədə 2012-ci ildə gəlirlər artsa da, 2013-cü ildən azalma başlayıb. 2016-cı ildə zərərin həcmi 2 milyon dollar, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 38 milyon dollar olub.