“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada reytinqi üzrə proqnozunu “neqativ”dən “stabil”ə yüksəldib. Reytinq isə “BB+” səviyyəsində təsdiq edilib.
Bu barədə “Fitch”in rəsmi veb-saytında məlumat verilib.
Agentlik reytinq üzrə proqnozun yüksəltməsinə səbəb kimi, 2016-cı ildə 2 illik turbulentlikdən sonra makro-iqtisadi sabitliyin əldə olunması, neft qiymətlərinin tədricən bərpa edilməsi və manatın məzənnəsinin sabitləşməsini əsas gətirib. Məzənnənin sabitləşməsi 2017-ci ilin aprel ayından başlayaraq inflyasiya təzyiqini azaltmağa imkan verib.
Xammal asılılığı artacaq
Agentlik deyir ki, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması ilə başlayacaq qaz ixracında gözlənilən artım Azərbaycanın xammaldan asılılığını gücləndirəcək.
Sənəddə həmçinin qeyd olunub ki, Azərbaycan makroiqtisadi vəziyyət baxımından analoji – “BB” reytinq kateqoriyasında olan ölkələrdən uzaqlaşır. Bunun səbəbi qlobal neft qiymətlərindəki şokların Azərbaycana MDB-nin digər xammal ixrac edən ölkələrlə müqayisədə daha baha başa gəlməsi və iqtisadi diversifikasiyanın olmaması ilə bağlıdır.
Azərbaycanda son 5 ildə real iqtisadi artım orta hesabla 1,2% olub ki, bu da “BB” reytnqli ölkələrin orta qiymətindən (3,5%) çox azdır. ÜDM-in artım tempi, inflyasiya və məzənnə baxımından Azərbaycan xammal ixrac edən MDB ölkələri ilə müqayisədə daha mənfi qiymətləndirilir.
“Fitch”in ekspertlərinin fikrincə, ölkə iqtisadiyyatının diversifikasiyası məqsədi ilə hazırlanan strateji yol xəritələrinin perspektivləri uzaq görünür.