-1 C
Baku
Sunday, December 15, 2024

Qapı zəngi satan şirkəti Amazon 1 milyard dollara aldı

Əzmkarlıq, uğur və bədxahlıq haqqında ruhlandırıcı hekayə: maliyyə yırtıcıları indi çox peşmandır.  

Bir zamanlar ABŞ-da James Siminoff adlı texniki cəhətdən təşəbbüskar bir iş adamı vardı. Əvvəlcə o, müasir insanın həyatı üçün lazım ola biləcək, məsələn, Unscribe spam məktublarından imtina, mesaj və elektron məktubların PhoneTag səsi ilə yığılması kimi müxtəlif faydalı xidmətlər yaratmışdı. 2012-ci ildə isə yaşayış yerləri üçün təhlükəsizlik sistemlərinin istehsalı üzrə bir şirkət (2014-cü ilə qədər DoorBot, indi isə Ring adlanır) qurdu.

Start-up-ın ilk qaranquşu qapı zəngi oldu, lakin bu zəng adi deyildi, Wi-Fi və quraşdırılmış kameradan ibarət “ağıllı” zəng idi, onun köməyilə evdə olmadıqda belə qapınızı kimin döydüyünü görmək olur, məlumatlar xüsusi proqram vasitəsilə ev sahibinə ötürülür.

Bu ideya James-in ağlına 2010-cu ildə şəxsi qarajında mağaza açdıqda gəlir. Hər şey qaydasında idi, lakin bir şey onu dəhşət qıcıqlandırırdı: qapının zəngi iş yerindən eşidilmirdi. Telefona müvafiq xəbərdarlıq gəlsəydi, əla olardı, deyə o xəyal qururdu. Nəticədə, qəhrəmanımız ilk ağıllı zəngi şəxsən özü üçün düzəldir və o vaxt bunu biznesə çevirməyi düşünmür belə. Amma həyat yoldaşı, – “kimin qapını döydüyünü görsəydim, özümü daha təhlükəsiz hiss edərdim”, fikrini eşidəndə bunun əla ideya olduğunu düşünür.

Əvvəl bu möcüzəvi qapı zənglərinin satışı bir o qədər də yaxşı irəliləmirdi, istehsal xərcləri isə çox böyük idi. Onda Siminoff taleyini öz əllərinə alaraq, ixtirasını Shark Tank realiti şousunda təqdim etmək qərarına gəlir, buraya ixtiralarını gətirən müxtəlif insanlar münsiflər heyəti və ya sərmayeçilərdən hər hansı birinin onları bəyənərək bir-iki milyard vəsait ayıracağına ümid edirlər.

Bir ay ərzində səkkiz nəfərdən ibarət komanda (o vaxt bu şikətin bütün ştatı idi) möcüzəvi zəngin proqramda nümayişi üçün dekorasiya qurdu, şirkətin yüzdə on hissəsi əvəzinə 700 min dollar cəlb etməyə ümid edərək biznesmen buna son 10 min dollarını sərf etdi. Lakin onun ümidləri özünü doğrultmur: onun ixtirası münsiflər heyətini çox da heyrətləndirmir və o, proqramı əli boş, lakin göz yaşları içində tərk edir.  

Bu 2013-cü ilin noyabr ayında baş verir. İxtiraçı özünə və əməkdaşlarına, – “Ok. Hər şey keçir, bu da keçəcək. Həyatımıza davam edirik”, deyir. Kəndir və sabunu kənara qoyur və o haqlı idi: Ring nəinki əyilmir, hətta inkişafa başlayır.  

Birincisi, onun siyahısına hərəkət sensorlu kameralar, ev sahiblərinin smartfonlarına real vaxt rejimində video ötürülməsi, qonaqlara səsli mesajların göndərilməsi və s. bu kimi ən müasir təhlükəsizlik sistemləri daxil olur.  

İkincisi, “Vedomosti”nin verdiyi məlumata əsasən, yarandığı gündən etibarən şirkətə qoyulan sərmaye təxminən 210 milyon dollar etdiyi halda, 2017-ci ildə əldə olunan gəlir 415 milyonu ötür, həmçinin gəlirin yarısı super zənglərin payına düşür. Üçüncüsü, NPD Group-a istinadən “Vedomosti” qeyd edir ki, həmin ildə şirkət qapı zəngləri üzrə Amerika bazarının faktiki olaraq monopolisti oldu, satışların 97%-i bu şirkətə aid idi. (James hətta 2015-ci ildə Shark Tank komandasına təxminən “Siz olmasaydız, biz indi hardaydıq?!” məzmunlu açıq minnətdarlıq məktubu yazmışdı.     

Qısası, həmin 2017-ci ilin noyabr ayında Siminoff yenidən proqrama artıq qonaq olaraq gəldikdə, onun danışmağa çox sözü var idi. Yuxarıda sadalanan faktlardan başqa, o əlavə edir ki, Ring-in 10 əsas məhsulunu 16 min mağazadan almaq olar, şirkətin baş ofisi isə hansısa Zimbabvedə deyil, Kaliforniyanın Santa Monika şəhərində yerləşir və həmçinin orada 1300 adamın işlədiyini söyləyir. Və çəkinmədən şirkəti milyard dollara qiymətləndirir.

İndi isə Ring şirkətini Amerika yırtıcısı Amazon alır. Razılaşmanın məbləği açıqlanmır, lakin Reuters, Bloomberg, The Wall Street Journal və Forbes-un verdiyi məlumata görə, söhbət, həqiqətən, ən azı milyard dollardan gedir. Məlumatlar doğrudursa, bu, onlayn riteylerin tarixində ikinci ən böyük razılaşma olacaq: 2017-ci ildə o Whole Foods-u 13,5 milyard dollara almışdı. Həmçinin qeyd edilir ki, James Siminoff idarəni əlindən buraxmayacaq: o yenə də baş direktor olacaq, şirkət isə əsasən Amazondan asılı olmayaraq müstəqil şəkildə idarə olunacaq.

Beləliklə, əgər sən qarajında kefir paketlərindən “zaman maşını” yığırsansa və bununla həm bütün bəşəriyyətə yaxşılıq etmək, həmçinin bir az məşhurlaşmaq və varlanmağa ümid edirsənsə, James kimi ol. Özünə inan və həyat yoldaşına qulaq as.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər