9 C
Baku
Thursday, December 12, 2024

Məhkəmə Palatanın protokolunu qüvvədən salıb

Maliyyə Bazarlarına Nəzarət Palatası “Original Motors” MMC barəsində protokol tərtib edib.

Nəzarət Palatasının 29 avqust 2017-ci il tarixli, 150 saylı protokolunda qeyd edilib ki, “Paşabank” ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, hüquqi şəxs “Original Motors” MMC 121 min avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 22 dekabr 2016-cı ildə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb. Protokolda qeyd edilib ki, ödəniş aparıldığı gündən 180 gündən artıq müddət keçməsinə baxmayaraq, 121.000 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib və qabaqcadan ödənilmiş valtyuta vəsaiti xaricdən geri qaytarılmayıb.

Sumqayıt Şəhər Məhkəməsi isə MMC-ni İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Qərara əsasən, şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 121 min avro valyuta məbləğinin 20%-i məbləğində cərimə edilib. Həmin qərardan narazı qalan “Original Motors” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edilib. Bu Məcəllənin 53.0, 53.0.2-ci maddələrinə əsasən hüquqi şəxs “Original Motors” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə hüquqi şəxs barəsində başlanmış icraata xitam verilib.

Qeyd edək ki, “Original Motors” şirkəti 2012-ci ildə yaradılıb. Şirkətin əsas məqsədi tikinti, istehsal, logistika, həm də ağır texnikanın ehtiyaclarını təmin etməkdir.

Son xəbərlər
Digər xəbərlər