“2017-ci ildə olduğu kimi bu il də xarici potensialın yüksəlməsi şəraitində xarici sektorda müsbət göstəricilər davam edəcək”.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, I rübdə xarici ticarət dövriyyəsi 31 faiz, qeyri-neft sektoru isə 37 faiz artıb.
“Bütün bunlar iqtisadiyyatın şaxələnməsi prosesinin uğurla getdiyini göstərir. Bu ilin üç ayında inflyasiya 4 faiz təşkil edib. Valyuta ehtiyatlarımız 44 milyard dollardan çoxdur. Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq. İnflyasiyanın birrəqəmli həddə düşməsi qeyri-neft sektoru üzrə milli valyutanın məzənnəsinin ucuzlaşmasını göstərir. Ticarət tərəfdaşlarımıza nisbətdə təxminən 33-35 faiz səviyyəsində milli valyutanın ucuzluğu saxlanılır. Bu da əsas ticarət tərəfdaşlarımızla rəqabət üstünlüyümüzü əks etdirir”.