“Apple” yeni “iPhone” modellərinin qiymətini artırmağa hazırlaşır.
Bu barədə agentliyin jurnalisti Mark Qurman məlumat yayıb.
Məlumata görə, buna səbəb xammal, xüsusən də yaddaş kartları və çip təchizatında yaşanan ciddi qıtlıqdır:
“Oxşar problemlərlə üzləşən “Samsung” və “Google” artıq yeni flaqman smartfonlarının qiymətini təxminən 100 dollar qaldırıblar. Çip və yaddaş komponentlərinin qiymətinin yüksəlməsi “Apple” üçün də qiymət artımını praktiki olaraq qaçılmaz edir. Şirkət iki ay əvvəl artıq “Mac” və “iPad” modellərinin qiymətlərini orta hesabla 23% artırmışdı. Əgər “iPhone 18 Pro” modelinin qiyməti 100 dollar artarsa, onun ilkin satış qiyməti 1.199 dollar (hazırkı “iPhone 17 Pro”nun 1.099 dollarlıq qiyməti ilə müqayisədə təxminən 9% artım) təşkil edəcək”.
M. Qurman bu artımı yaddaş qıtlığının miqyası ilə müqayisədə nisbətən kiçik hesab edir. Onun fikrincə, “Apple” əlavə xərclərin bir hissəsini öz üzərinə götürməyə məcbur olacaq.
Məlumat üçün bildirək ki, şirkət cari rübdə ümumi mənfəət marjasının təzyiq altında olacağı ilə bağlı xəbərdarlıq edib. Paralel olaraq, “Apple”ın uğursuz layihələrdə çalışan 200-dən çox əməkdaşını ixtisar edəcəyi deyilən xəbərlər sırasındadır.







