6 C
Baku
Sunday, December 15, 2024

Maliyə qurumunun Müşahidə Şurası yeni tərkibdə formalaşdı, sədr seçildi

«Azərbaycan Kredit Bürosu» (AKB) MMC-nin Müşahidə Şurası yeni tərkibdə formalaşdırılıb. Bu barədə Büronun məlumatında deyilir.

AKB 2018-ci il martın 6-da faktiki olaraq fəaliyyətə başlayıb.

“AKB-nin ümumi yığıncağının iclasında yeni tərkibdə Müşahidə Şurasının formalaşdırılması haqqında qərar qəbul edilib. Asəf Hüseynov Müşahidə Şurasının sədri, Şakir Rəhimov, Fərid Məmmədov, Elşən Bədirxanov, Kamran Məcidov, Zamiq Məmmədov, Ahmet Kudret İşler isə Müşahidə Şurasının üzvləri təsdiq edilib”, – deyə məlumatda bildirilir.

Müşahidə Şurasının yeni tərkibdə ilk iclasında Azərbaycan Respublikası Prezidentinin 4 may 2018-ci il tarixli Qərarı ilə “Kredit Büroları haqqında” Qanuna edilmiş dəyişikliklər müzakirə edilib və normativ aktdan irəli gələn tələblərin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.

Kredit tarixçələrini təşkil edən məlumatların daha da zənginləşdirilməsi üçün kommunal xidmətləri göstərən müəssisələrin informasiya sistemlərinin Büro ilə daha sıx inteqrasiyası üçün qarşıda yeni vəzifələr müəyyən edilib.

“Yekunda Büronun fəaliyyətinin daha da genişləndirilməsi məqsədi ilə yeni məlumat təchizatçılarının və istifadəçilərinin cəlb olunması, eyni zamanda vətəndaşlar tərəfindən Büronun xidmətlərinə əlçatanlığı daha da asanlaşdırmaq üçün qərarlar qəbul edilib”, – deyə məlumatda vurğulanır.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Son xəbərlər
Digər xəbərlər