Sumqayıt şəhərində bir mərkəzdən telekommunikasiya və poçt xidmətləri göstərən ilk “Şəbəkə” mərkəzi vətəndaşların ixtiyarına verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Banker.az verilən məlumata görə, artıq Sumqayıt şəhər sakinləri Heydər Əliyev prospektində yerləşən “Şəbəkə”nin xidmətlərindən istifadə edə bilərlər.
Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstəriləcək.
Bununla da respublika üzrə fəaliyyət göstərən “Şəbəkə” xidmət mərkəzlərinin sayı 8-ə çatıb. Bu mərkəzlərdən 5-i paytaxt Bakıda, 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Növbəti mərhələdə “Şəbəkə” mərkəzlərinin Bakının bütün rayonlarında və ölkənin digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan “Şəbəkə” xidmət mərkəzlərində nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, poçt markası, zərf və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.