-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda pensiyaçıların sayı 1 milyon 311 min 739 nəfərə çatıb

Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, eyni zamanda, sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar pensiya təminatında artım tempinin davam etməsinə şərait yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, 2018-ci ilin əvvəlinə nisbətən ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 2018-cı il 1 iyul tarixinə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən cari ilin əvəlindən respublikamızda əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilərək artırılması təmin edilib.

Dövlət başçısının 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanmaqla, onların pensiyalarında da artımlar edilib.

2018-cı il 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 311 min 739 nəfər təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmalarda mütəmadi artım tempi cari ildə də hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsinə imkan verib.

Son xəbərlər
Digər xəbərlər