Azərbaycan bu ilin sonunadək Rusiyaya ixracı artırmağı planlaşdırır.
Bunu Trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.
R. Əliyev bildirib ki, ixracın artırılmasında əsas pay meyvə və tərəvəz (xurma, fındıq, pomidor, kartof), reaktiv kerosin, pambıq, alüminium və digər məhsulların payına düşəcək.
O, əlavə edib ki, Rusiyada yaxın zamanlarda Azərbaycanın yeni şərab evlərinin açılması planlaşdırılır:
“Şərab evlərinin Moskva, Sankt-Peterburq, Həştərxan və Yekaterinburqda açılması nəzərdə tutulur”.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 349,23 milyon dollar həcmində məhsul ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,76 faiz çoxdur. Öz növbəsində Rusiyadan idxalın həcmi 788,21 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 0,29 faiz çoxdur.