Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.
Nazirlər Kabinetinə istinadən xəbər , qərarla gömrük rüsumları artırılıb.
Belə ki, “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilib:
Malın gömrük dəyəri (AZN) | Rüsum (AZN) |
1000 manatadək | 15 |
1000 – 10 000 | 60 |
10 000 – 50 000 | 120 |
50 000 – 100 000 | 200 |
100 000 – 500 000 | 300 |
500 000 – 1 000 000 | 600 |
1 000 000 və yuxarı | 1000 |
Qeyd edək ki, dəyişikliklə “Gömrük yığımlarının məbləğləri”nə 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilib. Bununla da gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olan mallar üzrə 300 manat, gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat ödəniləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il, 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan gömrük yığımlarının məbləğləri aşağıdakı kimidir:
Gömrük dəyəri 1 000 manatadək olduqda 10 manat, gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 50 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 100 manat, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 275 manat rüsum ödənilir.
Yeni qərarla yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün rüsum 30 manata, digər avtonəqliyyat vasitələri üzrə 25 manata qaldırılıb.
Belə ki, indiyə qədər yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manat, digər avtonəqliyyat vasitələri üçün 15 manat rüsum tələb edilirdi.
Qərar 30 gün sonra qüvvəyə minəcək.