7 C
Baku
Thursday, December 12, 2024

Aqrar sahəsi üzrə şura yaradıldı

Aqrar Məşvərət Şurası sahibkarların üzləşdiyi problemləri dinləməyə, onların həllinə nail olmağa imkan verəcək

Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə toplantı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini, Prezident İlham Əliyevin nazirliyin qarşısında ciddi vəzifələr qoyduğunu deyib. Bildirib ki, nazirlik bu vəzifələri reallaşdırmaq məqsədilə işini fermerlərə yaxın olmaq, şəffaflığı təmin etmək və innovativ texnologiyaların tətbiqi prinsipləri üzərində qurur. Bu məqsədlə rayonlarda fermerlərlə görüşlər keçirilir, Dövlət Aqrar İnkişaf Mərkəzləri yanında Fermerlər və Koordinasiya şuraları yaradılır, assosiasiyalarla mütəmadi müzakirələr aparılır. Nazir qeyd edib ki, aqrar sahənin inkişafında bu sektorun bütün iştirakçıları mühüm rol oynasa da, əsas ağırlıq böyük sahibkarlıq subyektlərinin üzərinə düşür. İnam Kərimovun sözlərinə görə, toplantının keçirilməsində məqsəd aqrar sahənin inkişafını əngəlləyən amilləri dəyərləndirmək, təkliflər irəli sürməkdir.

Toplantıda iştirak edən “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group”, “Səba Qrup” şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini müzakirə edib, müştərək tədbirlər həyata keçirmək barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar sahədə ixtisaslaşmış iri sahibkarlıq subyektlərinin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Nazir İnam Kərimov bu təşəbbüsü dəstəkləyib və bildirib ki, belə bir qurumun təsis olunması sahibkarların üzləşdiyi problemləri dinləməyə, təklifləri sistem şəklinə salmağa, onların həllinə nail olmağa imkan verəcək.

“Azərsun Holding”in prezidenti Abdolbari Gozal bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. İnkişaf etmiş ölkələrdə bu cür qurumların fəaliyyət göstərdiyini xatırladan “Azərsun Holding”in prezidenti qeyd edib ki, Şurada təmsil olunan şirkətlər aqrar sahənin daha da inkişaf etdirilməsi yollarını birlikdə tapmalı, regionda rəqabətə davamlı məhsulların istehsalında birgə iştirak etməlidir.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə “Azərsun Holding”in prezidenti Abdolbari Gozal Şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə katibliyin rəhbəri seçilib.

Nazir İnam Kərimov katiblik tərəfindən yaxın bir ay ərzində Aqrar Məşvərət Şurasının Əsasnaməsinin hazırlanacağını deyib. Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış digər böyük şirkətlərin Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur.

Son xəbərlər
Digər xəbərlər