Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən xaricdə təhsil üzrə istiqamətlər, ixtisaslar və ali təhsil müəssisələrinin siyahısı güman edirik ki, gələn il aprel-may aylarından etibarən ictimaiyyətə elan olunacaq.
Bunu Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov oktyabrın 4-də jurnalistlərə müsahibəsində deyib.
Gənclər Fondunun qarşısında bir sıra yeni vəzifələrin qoyulduğunu vurğulayan F.Cəfərov deyib ki, onlardan biri də gənclərin ölkənin ehtiyaclarını nəzərə almaqla, xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarının maliyyələşdirilməsidir: “Bununla bağlı bu gün Fondun Müşahidə Şurası tərəfindən müraciət, eyni zamanda, müraciətin qiymətləndirilməsi və ona baxılması qaydaları təsdiqlənəcək. Bu, Fond üçün yeni vəzifədir. Yəqin ki, təhsil pillələrində fərqlilik olacaq və tələbələrin müəyyən təhsil pillələri üzrə təhsil almaları maliyyələşdiriləcək. İxtisas dərəcələri də sırf ölkənin mütəxəssis ehtiyacına uyğun olaraq müəyyənləşdiriləcək”.
İcraçı direktor qeyd edib ki, kreditlər üç kateqoriyada nəzərdə tutulub: kiçik, orta, böyük məbləğdə. Bu imkanlardan 18-29 yaşlı Azərbaycan vətəndaşları yararlana biləcəklər. Hazırda Fond tərəfindən müvəkkil kredit təşkilatının seçilməsi istiqamətində danışıqlar aparılır. Gələn ildən başlayaraq, Fond tərəfindən kreditlərin verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Kiçik məbləğli kreditlər minimum 1000 manatdan başlayacaq. Böyük məbləğli kreditlər isə 50 min manat təşkil edəcək”, – deyən Fərid Cəfərov əlavə edib ki, qarşıda duran vəzifələrdən biri də xüsusi sosial müdafiəyə ehtiyacı olan gənclərin ölkə daxilində təhsil aldığı müddətdə həm təhsil haqqının, həm də onların yataqxana xərclərinin maliyyələşdirilməsi ilə bağlıdır. “Müşahidə Şurasının bugünkü iclasında bununla bağlı müraciət qaydalarının təsdiqlənməsi də gözlənilir. Xüsusi sosial müdafiəyə ehtiyacı olan gənclər dedikdə, ilk növbədə, valideyn himayəsindən məhrum olanlar, əlil gənclər, valideyninin birinin müəyyən əlil kateqoriyasına mənsub, eyni zamanda, qaçqın, məcburi köçkün, şəhid və ya aztəminatlı ailələrdən olan gənclər nəzərdə tutulur”.