Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.
Banker.az oxu.az-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İclas oktyabrın 16-dək təxirə salınıb.
Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında üç əcnəbi ölkə vətəndaşı külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib.
Onların bu niyyətlərinin qarşısı bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən alınıb. Qısa zaman kəsiyində hadisə yerinə cəlb edilən idarənin tutucu qrupunun əməkdaşları həmin şəxsləri saxlayaraq, aidiyyəti üzrə Polis İdarəsinə təhvil veriliblər.
Araşdırma aparılan zaman saxlanılan şəxslərin Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulov olduğu müəyyənləşib.
Saxlanılan şəxslərdən ümumilikdə 18900 saxta ABŞ dolları müəyyən edilərək maddi sübut kimi götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində yerləşən ticarət mərkəzlərində istifadə etmək niyyəti ilə ölkə ərazisinə gətirdiklərini etiraf ediblər.