Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ötən gün təkrarsığorta lisenziyasını ləğv etdiyi “Azərbaycan Sənaye Sığorta” (ASS) və “İpək Yolu Sığorta” ASC-lər bunun səbəbini açıqlayıb.
Banker.az bildirir ki, ASS-nin İdarə Heyətinin sədri Kamran Babayev “Report”a açıqlamasında rəhbərlik etdiyi şirkət təkrarsığorta lisenziyasına malik olsa da, uzun müddət idi ki, ondan istifadə etmirdi: “Hazırda təkrarsığorta fəaliyyəti şirkətin inkişaf strategiyasına uyğun deyil. Biz başqa sığorta şirkətlərinin risklərini sığortalamaqda maraqlı deyilik və buna görə də lisenziyanı könüllü qaydada təhvil verdik”.
“İpək Yolu Sığorta”dan da “Report”a bildirilib ki, şirkət təxminən 1 il idi ki, təkrarsığorta risklərini qəbul etmirdi: “Bu fəaliyyət o qədər də yüksək gəlirli deyildi. Buna görə də, lisenziyanın ləğvi üçün Palataya müraciət olundu və müvafiq qərar qəbul edildi. Hələ ki, təkrarsığorta ilə bağlı planlar yoxdur”.