Banker.az Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbirini Samux rayonunun Lək kəndində keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən SKMF-in şöbə müdiri Samir Hümbətov qeyd edib ki, bu il ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 511 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,1 mln. manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına 1 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 664 investisiya layihəsinin maliyyələşdirilməsinə 134,5 mln. manat güzəştli kredit verilib.
Həmçinin digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistika mərkəzləri, cins iribuynuzlu heyvandarlıq kompleksləri, quşçuluq fabriki, istixana təsərrüfatları, çörək zavodları, süfrə suları, spirtli içkilərin istehsalı, meyvə-tərəvəz, süd emalı, ət kəsimi və emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilmiş kreditlər 20 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 42 sahibkara 1 mln. manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
«Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış müasir quşçuluq fabrikinin fəaliyyətinə baxış keçirilib.