Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (126 vəzifə) və B (612 vəzifə) növünə aid olan 738 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.
DİM-dən Banker.az-a bildirilib ki, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti bu il dekabrın 5-dək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər dekabrın 5-i saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq mümkündür.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə) tərəfindən təqdim olunub.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib: Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə) – AC1 altqrupu üzrə 8, AC3 altqrupu üzrə 3, AC4 altqrupu üzrə 83, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 31, BB2 altqrupu üzrə 8, BB3 altqrupu üzrə 292 vəzifə, BB4 altqrupu üzrə 101 vəzifə; Qida Təhlükəsizliyi Agentliyi (90 vəzifə) – AB1 altqrupu üzrə 2, AB2 altqrupu üzrə 8, AB3 altqrupu üzrə 14, BA3 altqrupu üzrə 26, BA4 altqrupu üzrə 40; Mədəniyyət Nazirliyi (56 vəzifə) – AC2 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 5, BB1 altqrupu üzrə 1,BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 19, BB4 altqrupu üzrə 23 vəzifə; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (23 vəzifə) – AB1 altqrupu üzrə 1, AB3 altqrupu üzrə 2, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 10 vəzifə; Müdafiə Sənayesi Nazirliyi (13 vəzifə) – AB2 altqrupu üzrə 1, AB3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 10, BA4 altqrupu üzrə 1 vəzifə; Dövlət Maliyyə Nəzarəti Xidməti (8 vəzifə) – BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 6 vəzifə; Gəncə Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 6 vəzifə; Milli Televiziya və Radio Şurasında BB3 altqrupu üzrə 1 vəzifə; Hacıqabul Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə; Şamaxı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə; Nəsimi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə.
Ümumilikdə, müsahibəyə çıxarılmış 738 vakant vəzifənin 12-si 4-cü təsnifata, 124-ü 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 555-i isə 7-ci təsnifata aid olmaqla, 27-si AB, 99-u AC, 99-u BA, 513-ü isə BB vəzifə qrupuna aiddir.