Azərbaycanda növbəti ildə yaşayış minimumunun 180 manat, ehtiyac meyarının isə 143 manat müəyyən edilməsi təklif olunur.
Banker.az-ın Trend-ə istinadla məlumatına görə, bu təklifi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən səsləndirib.
Onun sözlərinə görə, yaşayış minimumu ilə bağlı təklif reallığa adekvat olan rəqəmdir: “Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək”.
Ehtiyac meyarı ilə bağlı məlumat verən komitə sədri bildirib ki, nəzərdə tutulan həcmin də 2018-ci ildə müəyən edilən ehtiyac meyarından artıq müəyyən edilməsi nəzərdə tutulub: “Bu gün hökumətin apardığı siyasət ehtiyac meyarının yaşayış minimumuna uyğunlaşdırılması və yaxınlaşdırılmasıdir. Bu proses gedir. Növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur”.