7 C
Baku
Sunday, December 15, 2024

İran enerji birjasında satdığı neftin qiymətini aşağı salıb

İran Tehran Enerji Birjasında satışa çıxardığı neftin qiymətini aşağı salıb.

Banker.az  xəbər verir ki, bu barədə İranın Neft Nazirliyi məlumat verir.

Birjada ikinci partiyası satışa çıxarılan və ümumilikdə 700 min barrel olan neftin bir barrelinin minimum qiyməti 64,97 dollar təyin olunub. Həmin neft 245, 245 və 210 min barrel olmaqla üç fərqli sifarişçiyə satılıb.

Xatırladaq ki, İran öz neftini ilk dəfə oktyabrın 28-də enerji birjasında satışa çıxarıb. Minimum 35 min və maksimum 100 min barrel olmaqla satışa çıxarılan həmin neftin bir barreli üçün qiymət 79,15 dollar təyin edilmişdi. Neft satışı üzrə ödənişlərin 20 faizi rial, 80 faizi digər valyuta növləri ilə həyata keçirilir.

Qeyd edək ki, rəsmi Tehran bu addım ilə İran neftini hədəf alan ABŞ-ın ikinci sanksiya paketinə qarşı nefti ölkə daxilində qiymətli hala gətirmək və nağd pul vəsaitlərinin hərəkətini təmin edərək embarqonun təsirlərini azaltmağı hədəfləyir.

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə – Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunub.

ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyalar İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.

Birləşmiş Ştatlar bu sanksiyalardan sonra İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözləyir.

Azərtac

Son xəbərlər
Digər xəbərlər