Böyük Britaniyanın Avropa İttifaqından ayrılması çərçivəsində işin ən mürəkkəb hissəsi hələ qarşıdadır.
Banker.az AzərTac-a istinadla xəbər verir ki, bu fikri Avropa Komissiyasının sədri Jan-Klod Yunker səsləndirib. O, Aİ tərkibində qalan 27 ölkənin növbədənkənar sammitindən sonra keçirilən mətbuat konfransında deyib: “İşin ən böyük hissəsi yalnız indi başlayır, çünki ayrılma faciəvi məqamdır”.
Brexitlə bağlı vəziyyət Britaniyanın özündə də mürəkkəb olaraq qalır. Ölkə parlamentindəki leyboristlər hökumətin təklif etdiyi və Brüsselin razılaşdığı sazişi qəbulolunmaz sayır. Müxalifətin lideri Ceremi Korbin leyboristlərin parlamentdə sazişin əleyhinə səs verəcəklərini bildirib.
Xatırladaq ki, Aİ üzvü olan ölkələrin sammiti Brexit üzrə sazişi təsdiqləyib. Böyük Britaniya Avropa İttifaqından 2019-cu il martın 29-da çıxmalıdır.