Bir sahibkarın bir neçə şirkət açaraq dövriyyəni gizlətməsi hallarına qarşı 2019-cu ildə sərt tədbirlər görüləcək.
Banker.az bildirir ki, Vergilər Nazirliyinin sadələşdirilmiş verginin əhatə dairəsini kiçiltməsinə çalışmasının da səbəblərindən biri məhz ƏDV-dən yayınma ilə bağlıdır.
Nazirliyin apardığı təhlillərə görə, ticarət, ictimai-iaşə, tikinti və hətta bəzi istehsal sahələrində dövriyyələrin azaldılması hallarına daha çox rast gəlinir.
Aparılan təhlillər göstərib ki, bəzi sahibkarlar dövriyyələrinin həcmini kiçiltməklə, dövriyyədə olan pul vəsaitlərini ayrı-ayrı kiçik müəssisələrin adına rəsmiləşdirərək özlərini sadələşdirilmiş vergi ödəyicisi kimi təqdim etməyə çalışırlar. Başqa sözlə, onlar vergidən yayınmağın yeni üsulu kimi, dövriyyələrin bölüşdürülməsindən istifadə edirlər.
Vergilər naziri Mikayıl Cabbarovun çıxışına əsasən, “Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir…”.
Vergilər Nazirliyi tərəfindən bu sahədə təhlillər aparılaraq vergidən yayınma hallarının baş verdiyi əsas sahələr müəyyənləşdirilib.
Məlum olub ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə ciddi qanun pozuntularına, o cümlədən cinayət tərkibli əməllərə yol verilir. Bu səbəbdən, nazirlik spirtli içki istehsalçılarına və satıcılarına xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır.
Bildirilir ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, xüsusilə ticarət və ictimai iaşə xidməti obyektlərində, tikinti sektorunda belə hallar geniş yayılıb:
“Dövriyyələrin kiçildilməsi müxtəlif üsul və vasitələrlə ola bilər. Bu, həmin biznes strukturlarının fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Məsələn, iri mağazalar satılan məhsulların həcmini az göstərməklə, tikinti şirkətləri inşa etdiyi binanın sahəsini “kiçiltməklə”, spirtli içki istehsal edən müəssisələr faktiki istehsal olunaraq ticarət şəbəkələrində çatışa çıxardığı məhsulları rəsmi qeydiyyatdan yayındırmaqla dövriyyəsini gizlədir. Bununla da böyük məbləğdə maliyyə vəsaitləri büdcədən yayındırılır”.
İqtisadçı bir müddət əvvəl iri supermarket şəbəkələrinin rəhbərlərinin hökumətə müraciət edərək əlavə dəyər vergisi üzrə güzəştlər istəməsinin də təsadüf olmadığını söyləyir. Onun sözlərinə görə, iri ticarət şəbəkələri ət, balıq, süd, yumurta, düyü, meyvə-tərəvəz kimi kənd təsərrüfatı məhsullarının istehsalına tətbiq edilən güzəştlərin satışa da şamil olunması yolu ilə xərclərini azaltmaq istəyir:
“Məlum məsələdir ki, iri supermarket şəbəkələri kifayət qədər gəlir əldə edə bilir və öz fəaliyyətlərini genişləndirmək imkanına malikdir. Belə olan halda, hökumətin onlara vergi güzəştləri verməsi inandırıcı görünmür. Əksinə, vergi orqanları bütün ticarət və xidmət sahələrində, o cümlədən iri supermarket şəbəkələrində dövriyyənin tam şəkildə göstərilməsinə nail olmaq üçün nəzarət tədbirlərini gücləndirməlidir. Çünki heç kəsə sirr deyil ki, bu cür sahibkarlar mənfəətini gizlədir, qeyri-leqal gəlir formalaşdırır və bununla da vergiləri tam şəkildə ödəməkdən yayınırlar”.
R.Həsənov biznes strukturlarının öz dövriyyələrini gizlətməsini həm də “kölgə iqtisadiyyatı”nın təzahürlərindən biri kimi dəyərləndirir.
O bildirir ki, istər tikinti sektorunda, istərsə də ticarət sahələrində belə hallar üstünlük təşkil etdiyi üçün ən ciddi nəzarət tədbirləri də məhz həmin müəssisə və obyektlərə yönəldilməlidir:
“Qeyri-rəsmi işçilərin mühüm bir hissəsi məhz bu sahələrdə çalışanlardır. İşəgötürənlər həmin işçilərə ödədikləri əməkhaqqını haradan verirlər?
Təbii ki, rəsmi maliyyə hesabatlarında göstərilməyən gizli dövriyyədən. Çünki hər hansı sahibkar öz işçisinə leqal dövriyyədən əməkhaqqı verə bilməz. İşəgötürən hər bir xərcin mənbəyini göstərməli olduğu halda, bəyan edilən dövriyyədən işçiyə əməkhaqqı verməsi mümkün deyil.
Deməli, istər mağaza olsun, istər tikinti şirkəti, yaxud da digər sahədə fəaliyyət göstərən başqa biznes strukturları – kim qeyri-rəsmi işçi saxlayırsa, real dövriyyəsini gizlədir. Bu cür hallar real dövriyyələrin “kiçildildiyinə” dəlalət edən vacib faktorlardır ki, bunu gizlətmək mümkün deyil”.
oxu.az