20 C
Baku
Tuesday, April 30, 2024

Sabiq maliyyə naziri: “Neftin qiyməti 40 dollara qədər düşə bilər”

Artıq 2018-ci ilin son həftəsini yaşayırıq. Bu il ərzində Azərbaycanda manatın məzənnəsi sabit olaraq qaldı. Dünya bazarında neftin qiyməti isə əvvəlcə yüksələn, sonra isə enən xətt üzrə dəyişdi. Hazırda da neftlə bağlı proqnozlar müxtəlifdir və hesab edilir ki, dünya bazarında neftin qiyməti bir qədər də ucuzlaşa bilər. Eləcə də ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il ərzində uçot dərəcələrini 3 dəfə artırdı ki, bu da dünya bazarında dolların möhkəmlənməsinə səbəb oldu. Ekspertlər bildirirlər ki, Azərbaycanda növbəti il manatın məzənnəsi daha çox neftin qiymətlərindən asılı olacaq.

Növbəti ilin iqtisadi proqnozlarını danışan iqtisadçı alim Fikrət Yusifov aşağıdakıları bildirdi: “Əvvəlcə onu qeyd edim ki, son günlər qonşu ölkələrdə, xüsusilə də Rusiyada milli valyutanın ucuzlaşması daha çox diqqəti çəkir. Neftin qiymətinin sürətlə ucuzlaşmağa başlaması və eyni zamanda FED-in ötən həftə uçot dərəcəsini növbəti dəfə qaldırması fonunda rus rublu daha sürətlə ucuzlaşmağa başladı. Rus rublunun belə ucuzlaşması Azərbaycan manatına da təzyiqləri artırır. Rusiya bizim ən böyük ticarət tərəfdaşımızdır. Bu ölkə illik ticarət dövriyyəmiz 2.5 milyard dolları ötüb. Eyni zamanda Rusiya bizim ən böyük ixrac bazarımızdır. Təbii ki, Rusiya bazarına çıxardığımız məhsulları, avroya, dollara deyil, yerli valyuta satırıq. Sonradan isə əldə etdiyimiz rublu möhkəm valyutaya çevirib, Azərbaycana gətiririk. İndi bizim əldə etdiyimiz rublla aldığımız möhkəm valyutanın da həcmi azalıb. Yəni rublun ucuzlaşması, bizim valyuta itkimisə gətirib çıxaracaq. Bu da bütövlükdə ixracımızın normal şəkildə aparılmasına problem yaşadacaq. Eyni zamanda, İranla bağlı proseslər də ikitərəfli şəkildə inkişaf edir. Bir tərəfdən ABŞ İrana sanksiyalar tətbiq edir, digər tərəfdən 8 ölkə ilə neft ticarətinə icazə verir. Eyni zamanda, OPEK də son iclasında neftin qiymətlərinə baxarkən, İrandan neft hasilatının azaldılması ilə bağlı istək olmadı. Təbii ki, bütün bunlar İran üçün neft hasilatını artırıb, bazara çıxarması üçün yeni bir meydan açdı. Proseslərin necə gedəcəyini qabaqcadan formalaşdırmaq çətindir”.

Ekspertə görə,  neftin qiymətlərinin düşməsi bizim üçün arzuolunan hal deyil: “İlk növbədə ona görə ki, ölkəmizin ixracının əsasını neft təşkil edir. Bu halda qiymətlərin aşağı düşməsi, valyuta gəlirlərimizin azalması deməkdir. Digər tərəfdən isə valyuta gəlirlərinin azalması bütövlükdə ölkənin maliyyə sistemində çətinliklərə yol açır. İlk növbədə manatın məzənnəsi ilə bağlı məsələlər gündəmə gəlir. Bu baxımdan arzu etmirik ki, neftin qiymətləri aşağı düşsün. Lakin bu həftə ərzində müşahidə etdik ki, neftin qiyməti 1 barel həcmdə 52 dollara qədər endi. Oktyabrın 2-də isə neftin qiyməti 86.4 dollara qədər yüksəlmişdi. Bu, iki ay ərzində 35 faiz ucuzlaşma deməkdir və kifayət qədər ciddi dəyişiklikdir. Ekspertlər deyirdilər ki, neftin qiyməti 120 dollara qədər qalxa bilər. Ancaq reallıqları daha düzgün dəyərləndirən peşəkarlar isə bildirirdilər ki, neftin qiyməti kəskin düşəcək. Belə də oldu. Qiymət 40-45 dollara qədər enə bilər. Dəfələrlə bu barədə fikirlər bildirmişdim. Bəs biz nə etməliyik? Əvvəla, onu deyim ki, ötən həftə cənab prezident büdcəni təsdiq etdi və büdcəyə əlavə olunmuş vergi dəyişiklikləri zərfində olan bütün sənələri də təsdiqlədi. Artıq büdcə öz qanuni qüvvəsinə minib. Lakin biz büdcədə neftin 1 barelini 60 dollardan götürmüşük. Qonşu Rusiya neft ölkəsidir və onların da büdcəsi birbaşa olaraq neftlə bağlıdır. Lakin bu ölkə büdcədə neftin qiymətini 1 barel üçün 40 dollar götürüblər. Əslində büdcədə neftin qiymətinin 60 dollar götürülməsi elə də problemli məsələ deyil. Çünki büdcəyə bir müddət sonra yenidən baxıb, dəyişiklik etmək mümkündür. Lakin neftin qiymətlərinin sürətlə düşməsi, manata problem yarada bilər. Qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşmağa davam edərsə, istəsək də, istəməsək də manatın məzənnəsində müəyyən yumşalmalara getməliyik. Bu, təbii haldır. Lakin maksimum qaçmaq lazımdır ki, 2015-ci ildə olduğu kimi kəskin devalvasiya baş verməsin”.

Yusifov neftin qiymətləri ilə bağlı aşağıdakı fikirləri söylədi: “Əslində OPEK gündəlik hasilatın 1,2 milyon barel azalmasına nail olduqdan sonra, qiymətlər qalxmasa da – ən azından, elə bir barel üçün 60 dollar ətrafında qalmalı idi. Lakin reallıqda bunun əksi baş verdi – neft sürətlə ucuzlaşmağa başladı. Bu gün artıq dünya üzrə enerji tələbatının az qala 1/5-nə yaxın hissəsinin məhz alternativ enerji mənbələri hesabına ödənildiyini, yaxın bir neçə ildə elektromobillərin mühərriki yanacaqla işləyən avtomobilləri əvəzləyəcəyini və bir sıra nəhəng avtomobil istehsalı müəssisələrinin bu sahədə öz üzərlərinə götürdükləri öhdəlikləri nəzərə alsaq, neftə olan tələbatın bir neçə on ildən sonra hansı səviyyədə düşəcəyini təsəvvür etmək çətin olmaz. Uzun illər ərzində başqa ölkələrdən neft alaraq daxili bazarın bu məhsula olan tələbatını ödəmək yolunu tutan Amerika Birləşmiş Ştatları öz neft ehtiyatlarını konservasiya edərək gələcək nəsillər üçün saxlamaq yolunu tutub. Son illər ərzində bu ölkədə aparılan geoloji-kəşfiyyat işləri Birləşmiş Ştatlarda neft ehtiyatlarının bəyan olunduğundan iki dəfə çox olduğunu müəyyənləşdirdi. Bundan sonra ABŞ-da neftin hasilatını artırmağa start verildi. Heç şübhə yoxdur ki, bu yolla dünya nəhəngi bir neçə on ildən sonra bazarda çox az tələbat olacaq bu məhsulun satışından mümkün qədər daha çox bəhrələnmək yolunu seçdi. Bu gün o, hələ ki, istehlak etdiyi neftin yarısına qədərini xaricdən alıb gətirdiyindən neftin qiymətlərinin qalxmaması üçün ciddi səylər göstərir. Çox güman ki, bir neçə ildən sonra ABŞ – neftin hasilatını və ixracını əsaslı şəkildə artırdıqdan sonra tam əks mövqedən çıxış edəcək. Heç şübhəsiz, neftin bəlli perspektivləri səbəbindən bu gün Birləşmiş Ştatlar dünya bazarlarında onun qiymətlərinin tənzimlənməsi rıçaqlarına tam sahib olmaq istəyir”.

Musavat.com

Son xəbərlər
 ⁠
Digər xəbərlər