“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib.
Banker.az məlumat verir ki, bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar www.azersu.az saytında “Su sayğaclarının quraşdırılması müraciəti” bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir. Müraciət edən şəxs tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir:
Abonent kodu
Müraciətin səbəbi
Müraciət edənin əlaqə telefonu
Müraciət edənin elektron poçt ünvanı
Müraciətlə bağlı qeydlər.
Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılır və sorğunun icrasından imtina edilir.
Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Burada müvafiq iş əmri yaradılaraq müraciət icraya yönəldilir. İş icra edildikdən – sayğac quraşdırıldıqdan sonra iş əmri (sayğac quraşdırma aktı) tərtib edilir və bir nüsxəsi abonentə təqdim edilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.
Qeyd edək ki, hazırda bu xidmətin “Elektron hökumət” portalına www.e-gov.az inteqrasiyası üzərində iş aparılır. Yaxın gələcəkdə vətəndaşlar www.azersu.az saytı ilə yanaşı, www.e-gov.az portalı vasitəsilə də bu xidmətdən istifadə edə biləcəklər.
©report.az