9 C
Baku
Thursday, December 12, 2024

Açıq qapı günündə tikilməkdə olan Əmlak Xidmətləri Məkanı üçün binaların üstün xidmətləri izah olundu

“Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı info-tur və açıq qapı günü keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 12-də “Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı info-tur və açıq qapı günü keçirilib. Vətəndaşlara göstərilən xidmətlər əyani olaraq nümayiş etdirilib, prosedurlar izah olunub, iştirakçıların Məkanda göstərilən xidmətlərlə bağlı sualları cavablandırılıb.

Məqsəd komitənin göstərdiyi bütün xidmətlərin beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edilməsi, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə ictimaiyyətin, QHT nümayəndələrinin, jurnalistlərin, ekspertlərin tanışlığı və onların məlumatlandırılmasıdır. Əmlak idarəçiliyi sahəsində, o cümlədən, özəlləşmə, torpaq, kadastr, ünvan və qeydiyyatla əlaqədar göstərilən funksional xidmətlərin əlçatanlığının nümayişi tədbirin əsas vəzifələrindəndir.

İnfo-tur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olublar. Qeyd edilib ki, virtual özəlləşmə prinsipini reallaşdıran elektron hərrac sistemi vasitəsilə istənilən investor ölkədə və ya xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərrac günü onlayn olaraq özəlləşdirə bilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarını onlayn rejimdə izləmək imkanı da mövcuddur. İnvestorlar isə özəlləşməyə çıxarılan əmlaklarla bağlı bütün məlumatları ”Özəlləşdirilmə portalı” vasitəsilə əldə edirlər. Portalda hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür.

Daha sonra media nümayəndələri keçirilən real hərracı canlı olaraq izləyiblər. Budəfəki hərracda 30 əmlaka 36sifariş verilib.

Hərracın ardından tədbir iştirakçıları Məkanın fəaliyyət prinsipi ilə tanış olublar. ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət vətəndaşa daha operativ göstərilməklə onların işini sadələşdirir. Vətəndaşlar torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın özəlləşdirilməsi, qiymətləndirilməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarının birbaşa həyata keçirilməsi, kadastr və yerquruluşu planlarının hazırlanması, o cümlədən, daşınmaz əmlak və ünvan reyestri ilə bağlı arayışların verilməsi xidmətlərindən yararlana bilərlər. Həmçinin daşınmaz əmlakın, yəni torpaqların, fərdi yaşayış sahələrinin və qeyri-yaşayış sahələrinin qeydiyyatını aparmaq imkanı var. Bununla yanaşı ƏXM-da notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması xidmətləri də həyata keçirilir.

Qeyd edilib ki, məkanda gün ərzində orta hesabla 1000-ə yaxın vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksək ixtisaslı 100-ə yaxın işçi həftənin bütün günləri (şənbə və bazar günləri daxil) məkana üz tutan insanların xidmətindədir. Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Məkana 20 mindən çox müraciət daxil olub. Gələcəkdə isə məkan arealını genişləndirməklə Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini əhatə edəcək. Yaxın vaxtlarda həmin ərazilərdə bu binaların inşasına başlanılacaq.

Binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşların məlumatlı olması üçün informativ monitorlar, tablolar da quraşdırılıb. Xidmətdən yararlanmaq üçün elektron növbəlilik prinsipi həyata keçirilir. Hər hansı bir əməliyyatı yerinə yetirmək istəyən vətəndaş sıra nömrəsini monitorlarda görə bilir. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var. Tədbir iştirakçıları bəzi xidmətlərin, elektron informasiya sistemlərinin iş prinsipi ilə əyani olaraq tanış oldu. Bildirildi ki, bina müasir İKT avadanlığı ilə təchiz edilib. Elektron idarəetmə sistemini həyata keçirən qurğular vasitəsilə xidmətlər daha dəqiq, proseduralar sürətli yerinə yetirilir. Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı “Əmlak kalkulyatoru” və “Elektron çıxarışın yoxlanması” kimi vətəndaşlara maraqlı olan digər elektron xidmətlər monitorda nümayiş edilib. Bildirildi ki, “Elektron çıxarış” sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan, “virtual əl” prinsipi ilə çıxarışlar əldə olunur. Məkanda xidmət haqqının və dövlət rüsumunun ödənilməsi üçün terminallar da quraşdırılıb. Ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən “Ünvan portalı”nın da iş mexanizmi nümayiş olunub. Bildirilib ki, vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış bütün məlumatları rəsmi, fasiləsiz və çevik qaydada Portaldan əldə edə bilirlər. Bundan başqa “Kadastr kalkulyatoru” xidmətinin üstünlükləri izah olundu. Bu xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. İnzibati binada uşaq oyun sahəsi, kafe, kitabxana da fəaliyyət göstərir. Bununla yanaşı, 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən sənədlərə dair arxiv guşəsi yaradılıb.

©Report

Son xəbərlər
Digər xəbərlər