5 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankının Azərbaycanda rifahın paylanması ilə bağlı təhlil üzrə missiyasının önəmi qeyd edilib

Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf əhalinin gəlirlərinin, o cümlədən həssas qruplara yönələn sosial ödənişlərin artırılması istiqamətində ardıcıl şəkildə mühüm addımların atılması ilə müşahidə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazir müavini Mətin Kərimli Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar təhlil üzrə missiyası ilə görüşdə vurğulayıb.

Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin nailiyyətlərini diqqətə çatdıran M.Kərimli respublikada iqtisadi artımla bərabər, rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü dövlət proqramları nəticəsində ölkədə yoxsulluq və işsizliyin kəskin şəkildə azaldıldığını vurğulayıb. O, ölkədə etibarlı sosial müdafiə sisteminin qurulduğunu, yeni iş yerlərinin yaradılmasının daimi xarakter aldığını, sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçildiyini deyib.

Əhalinin gəlirlərinin və rifahının artırılmasının Azərbaycan dövlətinin əsas məqsədlərindən olduğunu deyən nazir müavini bu istiqamətdə atılan mühüm addımların davam etdiyini diqqətə çatdırıb. M.Kərimli buna misal olaraq, Prezident İlham Əliyevin bu il sosial sahə ilə bağlı bir sıra fərman və sərəncamlar imzaladığını qeyd edib. O bildirib ki, bu sənədlər birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə, həssas qruplar üçün dövlət büdcəsi hesabına mənzil tikintisinin güclənməsinə, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin, 1,3 milyon nəfəri əhatə edən pensiyaçıların 94 faizinin pensiyasının, 600 mindən çox işçinin əmək haqqının artımına imkan verib. M.Kərimli aztəminatlı ailələrin dövlətin sosial yardım proqramı ilə əhatə olunduqlarını, bununla bərabər bu kateqoriyadan olan ailələrin kiçik biznesə çıxışınına imkan verən özünməşğulluq proqramının əhatə dairəsinin 6,5 dəfə genişləndiyini, son bir ildə bu proqrama 7,3 minədək ailənin cəlb edildiyini deyib.

Dünya Bankı ilə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən nazir müavini Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyanın iqtisadi və sosial rifahın monitorinqi sahəsində fəaliyyətinin önəmini qeyd edib. O, aparılan araşdırmanın nəticələrinin müvafiq siyasi və praktik iş müstəvisində nəzərə alınacağını deyib.

Missiyanın üzvləri ölkəmizdə aparılan siyasətdə rifah amilinin ön planda saxlanmasının, sosial ödənişlərin artırılmasının, ümumən əhali gəlirlərinin artımına yönələn tədbirlərin təqdirəlayiq olduğunu bildiriblər.

Görüşdə missiyanın Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar araşdırmalarının nəticələri müzakirə olunub, yoxsulluğun qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsinə, ölkəmizdə sosial sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

©Trend.az

Son xəbərlər
Digər xəbərlər