11 C
Baku
Tuesday, November 26, 2024

Nəzarət-kassa aparatlarının tətbiqi 2023-cü ilə qədər başa çatdırılacaq

Bu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri (YDM-lər) ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalı olacaq.

Banker.az xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ndə öz əksini tapıb.

Qrafikə əsasən, paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələr bu il oktyabrın 1-nə qədər, pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən Əlavə Dəyər Vergisi (ƏDV) ödəyiciləri gələn il yanvarın 1-nə qədər, eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektləri isə 2021-ci il aprelin 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalıdır.

Bakıdan kənarda yerləşən təsərrüfat subyektləri üçün isə qrafik bir qədər fərqlidir. Məsələn, regionlarda yerləşən “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulmaq üçün bu il oktyabrın 1-nə qədər vaxtı var. Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və YDM-lər Bakıdakı kimi bu il iyulun 1-nə qədər, digər bölgələrdə yerləşən eyni tiplu təsərrüfat subyektləri isə bu il oktyabrın 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalı olacaqlar.

Bu proses paytaxtda olduğu kimi, paytaxtdan kənardakı pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicilərini də bu ilin sonuna qədər əhatə edəcək. Eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektlərinə gəlincə isə, Gəncə və Sumqayıt şəhərlərində sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verilib. 

Son xəbərlər
Digər xəbərlər