11 C
Baku
Wednesday, November 27, 2024

Qaydaların dəyişilməsinin faydaları…

Çoxmərtəbəli binaların istismara verilməsi ilə bağlı qaydalar dəyişilib

Ölkə Prezidentinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur. Fərman 2019-cu il yanvarın 1-dək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.

Ölkə ərazisində, xüsusən də Bakı şəhərində çoxlu sayda istismara qəbul edilməmiş hündürmərtəbəli binalar var. Qəbul prosesi həyata keçirilmədiyindən həmin binalardakı mənzil sahibləri əmlakları üzrə mülkiyyət sənədlərini ala bilmirlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minlərlə sakin yaşayır.

rrrİqtisadçı ekspert Rəşad Əliyev mövzu ilə bağlı diqqəti vergiqoyma məsələlərinə yönəldərək qeyd edib ki, indiyədək həmin binalardakı mənzillər vətəndaşlara müqavilə yolu ilə satılırdı. Bu mənzillərin mülkiyyət sənədləri olmadığından mənzil üzərində mülkiyyətçinin hüquqlarını göstərən yeganə sənəd kimi elə həmin müqavilə çıxış edirdi: “Mənzil sahibi mənzili təkrar bazarda satanda heç bir alğı-satqı müqaviləsi bağlanılmırdı. Burada, sadəcə olaraq, müqavilə addan-ada keçirilirdi. MTK-lar isə rəsmiləşdirməyə görə əsassız olaraq əlavə pul alırdılar. Bu alğı-satqı prosedurları notariusun iştirakı olmadan aparıldığı üçün alğı-satqı əməliyyatı vergiqoymadan kənarda qalırdı. MTK-ların rəsmiləşdirməyə görə əsassız aldığı pullar isə heç bir yerdə qeydə alınmırdı. Beləliklə, bu cür binalarda alğı-satqı prosedurları qanun pozuntuları ilə müşahidə edilməklə tam olaraq “kölgədə” aparılırdı.

Alğı-satqı prosedurları notariusun iştirakı olmadan aparıldığı üçün
alğı-satqı əməliyyatı vergiqoymadan kənarda qalırdı

Çox adam hesab edə bilər ki, guya mənzil satan üçün əməliyyatın vergiqoymadan kənar qalması sərfəlidir. Bu fikri yanlış hesab edirəm. Ona görə ki, MTK-ların alğı-satqının rəsmiləşdirməyə görə aldığı əsassız haqq əksər hallarda alğı-satqıya görə potensial vergi məbləğindən artıq olurdu. Digər tərəfdənsə, Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin satışı vergidən azaddır. Ən mühüm məsələ odur ki, mənzil üzrə mülkiyyət sənədlərinin alınması həmin əmlakın dəyərini artırır. Yəni bazarda mülkiyyət sənədi olmayan mənzillər mülkiyyət sənədi olanlardan kifayət qədər ucuzdur. Bu fərq yerləşmədən və binadan asılı olaraq, 5-20 faiz təşkil edə bilir”.

R.Əliyev qeyd edib ki, istismara qəbul edilməyən binalardakı mənzillər üzrə mülkiyyət sənədlərinin olmaması fiziki şəxslərin əmlak vergisinin yığılması ilə bağlı problemlər ortaya çıxarır, bu isə bələdiyyələri əlavə maliyyə resurslarından məhrum edirdi: “Daha bir maraqlı məsələ isə həmin mənzillərə xidmətlə bağlıdır. Mənzil sahibləri faktiki olaraq tikinti şirkətlərinin girovuna çevrilmişdilər. Onlardan binaların istismarına görə müəyyən məbləğdə xidmət haqqı alınırdı ki, bu dövriyyələrin bir hissəsi bəzi hallarda, sözsüz ki, “havada” qalaraq “kölgə iqtisadiyyatı”nın bir hissəsinə çevrilirdi. Ümumilikdə isə hər il itirilən potensial vergi ödənişlərinin məbləğini qiymətləndirmək çətindir. Çünki binaların və həmin binalarda olan mənzillərin sayı haqda dəqiq məlumatı açıq mənbələrdən almaq mümkün deyil. Təkcə onu deyə bilərəm ki, söhbət milyonlarla manatdan gedir…”.

Son xəbərlər
Digər xəbərlər