7 C
Baku
Thursday, December 12, 2024

“SOCAR Energy Switzerland” şirkəti İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikəcək

SOCAR Energy Switzerland” şirkəti (SOCAR-ın İsveçrədəki törəməsi) 2019-2023-cü illərdə İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikəcək. Bu barədə SOCAR-dan məlumat verilir.

“SOCAR İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən elan olunan tenderdə iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb”, – məlumatda deyilir.

Qeyd edilir ki, şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. “Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir”, – məlumatda bildirilir.

Yeni stansiyalar ilk dəfə olaraq SOCAR tərəfindən müstəqil surətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq.

“FEDRO ilə yeni sazişin imzalanmasından məmnunuq. Avtomobil yollarındakı istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənən şəbəkə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirmiş, qətiyyət göstərmişik”, – məlumatda “SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmannın sözlərindən sitat gətirilir. 

Son xəbərlər
Digər xəbərlər