“Azərbaycan iqtisadiyyatı neftin qiymətinin kəskin azalmasından özünü bərpa etməyi bacarıb”.
Bunu “Fich” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransının açılış mərasimində qurumun MDB ölkələri, o cümlədən Rusiya üzrə icraçı direktoru Dimitri Surkov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilir.
Tədbirdə çıxış edən Maliyyə Nazirliyinin İctimai Borcların İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursakulov isə deyib ki, 2015-ci ildə dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib, amma ölkədə aparılan iqtisadi islahatlar hesabına həmin təsir aradan qaldırılır.
“Azərbaycan ən islahatçı ölkələr siyahısında yer alıb. Azərbaycanda fiskal qaydalar hazırlanıb və yeni idarəetmə prinsipləri müəyyən edilib. Həmin qaydalara əsasən, neftin qiymətindən asılı olmayaraq sabit xərclər müəyyən edilib, suveren xərclər dövlət büdcəsində xüsusi çəkisinin 3%-i keçməməsi barədə qərar qəbul olunub və qeyri-neft sektorunun inkişafına üstünlük verildi. Neftdənkənar sektorun ölkə iqtisadiyyatında payı hər il artmaqdadır”, – o qeyd edib.
Nazirlik rəsmisi Azərbaycanın borclanma siyasəti barədə də danışıb: “Biz xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinə fikir veririk və borclarımızı azaltmağa, eləcə də dövrü riskləri müəyyən etməyə çalışırıq. Bu addım 2 ildən bir atılır və növbəti dəfə risklərin müəyyən edilməsi yenicə başa çatıb”.