Bakıda Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının, İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.
Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun giriş nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən, iki dost ölkə arasında sosial-iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Ticarət Palatasının yaradılmasının Azərbaycan-İsrail iqtisadi əlaqələrinin dərinləşməsində mühüm rol oynadığını bildirən A.Kaplun qurumun gələcək fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.
Vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının həmsədri Mikayıl Cabbarov tədbirdə çıxış edərək, ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, qarşılıqlı ticari dövriyyələrin həcminin artırılması və şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışıb. O, qeyd edib ki, Azərbaycan-İsrail Ticarət Palatası bu əməkdaşlığın genişləndirilməsi üçün böyük işlər görə bilər. Ölkələrimiz arasında biotexnologiyalar, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və telekommunikasiyalar sahələrində, həmçinin təhsil, səhiyyə və əczaçılıq sektorlarında əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğunu vurğulayan M.Cabbarov hazırda Azərbaycanda İsrail kapitallı hüquqi və fiziki şəxs olan vergi ödəyicilərinin çalışdığını, İsrail sərmayədarlarının və işgüzar dairələrinin ölkəmizdə fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
Tədbirdə, həmçinin, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxış ediblər. İki ölkə arasındakı ikitərəfli münasibətlərin tarixi köklərindən və region üçün strateji əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir, dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə xidmət edir.
Tədbirin sonunda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.