Hindistanın əsas fond indeksləri – BSE Sensex və NSE Nifty 50 – çərşənbə günü səhər ticarətində neft qiymətlərinin artması və Yaxın Şərqdə gərginliyin yüksəlməsi fonunda hər biri 1% ucuzlaşıb. Bunu birja məlumatları göstərir.
Bombay Fond Birjasının Sensex indeksi 700 bənd azalaraq 76 731 bəndə enib. Hindistan Milli Fond Birjasının Nifty indeksi isə 200 bənd itirərək 24 000 bənddən aşağı düşüb. India VIX dəyişkənlik indeksi təxminən 4% artaraq 13,14 bəndə yüksəlib.
İndekslərin enməsi ABŞ Prezidenti Donald Trampın generik dərmanların idxalına tətbiq olunan rüsumların mərhələli şəkildə 200%-dək artırılması planı ilə bağlı bəyanatından sonra Hindistanın əczaçılıq şirkətlərinin səhmlərinin də nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına səbəb olub.
Bazarın enişi nəticəsində Bombay Fond Birjasında kotirovka olunan şirkətlərin ümumi bazar kapitallaşması 4,25 trilyon rupi (44 milyard ABŞ dollarından çox) azalıb. Bununla da ümumi bazar kapitallaşması 480 trilyon rupiyə (4,97 trilyon ABŞ dolları) düşüb. Hindistan rupisi də ABŞ dolları qarşısında ucuzlaşaraq 96,36 səviyyəsinə enib.
The Economic Times nəşrinin qeyd etdiyi kimi, fond bazarındakı enişə investorların İran ətrafında gərginliyin yeni mərhələsi səbəbindən Hindistanın idxal xərclərinin artacağı və bunun ölkədə inflyasiyanı sürətləndirəcəyi ilə bağlı narahatlıqları təsir edib.







