Aprelin 12-14-də Vaşinqtonda keçiriləcək Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik yaz müşavirəsi çərçivəsində kasıb ölkələr üçün dəstək vəsaitlərinin ayrılmasına dair müzakirələrdə Azərbaycan donor ölkə qismində iştirak edəcək.
Dünya Bankının Bakı nümayəndəliyindən bildiriblər ki, Beynəlxalq İnkişaf Assosiasiyasının (İDA) ehtiyatlarına vəsiat köçürmək üçün hər üç ildən bir donor ölkələrin toplantısı keçirilir.
“Artıq 19-cu dəfədir İDA-ya vəsait köçürüləcək. Azərbaycan da daxil olmaqla donor ölkələr İDA19 çərçivəsindəki öhdəliklərini bu ilin sonunda açıqlayacaq”, – nümayəndəlikdəki mənbə deyib. Qeyd olunub ki, qarşıdakı müşavirədə müşahidəçi qismində iştirak edəcək Azərbaycanın İDA-ya vəsait köçürməsinə ilk dəfə töhfə verəcək. Bu məsələyə dair adətən il ərzində dörd müşavirə keçirilir.
Dünyanın 39-u Afrikada yerləşən 75 yoxsul ölkəsinə beynəlxalq yardımların ən iri subyektlərindən olan İDA həmin ölkələrdə təməl sosial xidmətləri təmin edən donor vəsaitlərinin də ən böyük mənbəyidir.
2016-cu ilin dekabr ayında başa çatan əvvəlki, sayca 18-ci vəsait ödənişi rekord olan 75 milyard dollar məbləğində olub. Bu, 2020-ci il iyunun 30-da başa çatacaq üçillik müddət ərzində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə sərf olunacaq. Belə ki, həmin vəsait hesabına cəmi 400 milyon nəfərə təməl səhiyyə və təhsil, 130-180 milyon uşağın peyvənd, ixtisaslı həkimlərin iştirakı ilə 20 milyonadək qadına təhlükəsiz doğuş xidmətlərinin göstəriləcəyi, 45 milyonadək sakinin təmiz içməli su ehtiyacının ödənməsinin təmin olunacağı, 300 milyondan çox uşaq üçün 9-10 milyon müəllimin hazırlanacağı gözlənilir.
©Report