11 C
Baku
Monday, November 25, 2024

Məhkəmə-hüquq sistemində yeni islahatlar [bloq yazı]

Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində mütərəqqi və yeni bir mərhələyə başlandığını demək mümkündür. Belə ki, fərman özündə bir neçə istiqaməti əks etdirdiyindən həmin istiqamətlərdə inkişafın şahidi olacağımız aşkardır.

Bu yazımızda fərmanda nəzərdə tutulmuş və bundan irəli gələn islahatların izahını verməyə çalışacağıq. Əvvəla onu qeyd edək ki, fərman məhkəmələrlə bağlı neqativ halların aradan qaldırılmasınə, məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasını, məhkəmə qərarlarının tam və vaxtında icrasını təmin edən tədbirlər görülməsini özündə əks etdirir.

Fərmandan irəli gələrək:

– Cəza siyasətinin humanistləşdirilməsinin şahidi ola bilərik.

– Sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələlərə (vergi, gömrük ödənişləri, məcburi dövlət sosial sığorta ödəmələri barədə mübahisələr daxil olmaqla) baxılması üçün yeni ixtisaslaşmış məhkəmə yaradılacaq.

– Anqlo-sakson hüquq sistemi ölkələrində olduğu kimi Azərbaycanda da məhkəmə presedenti təcrübəsinə oxşar olaraq Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi müəyyən edildi.

– məhkəməyə müraciətlərlə əlaqədar ödənilən dövlət rüsumlarının məbləğinə, məhkəməyə verilən iddialar üzrə yenidən diferensiallaşdırılmaqla baxılacaq.

– Bütün məhkəmə iclaslarının audio yazısı aparılacaq və məhkəmə iclası protokolu bu yazıdan irəli gələrək tərtib ediləcək.

– Artıq məhkəmə ekspertizalarının verilməsi üçün qeyri-müəyyən müddətə gözləməyə ehtiyac olmayacaq. Hər bir iş üzrə (mülki, inzibati, iqtisadi, inzibati xətalara dair) ekspertizanın dəqiq vaxtı müəyyən ediləcək.

– Məhkəmə qərarlarının icrasının vaxtında və tam icrasını təmin etmək üçün “Elektron icra” sistemi qurulacaq. Eyni zamanda məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün qərarların alternativ icra mexanizmləri, o cümlədən həmin qərarların icrasının özəl qurumlara verilməsi məsələsinə yenidən baxılaraq bu sistem beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq.

– Ekspertizanın da özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək.

– “Elektron məhkəmə” sistemi təkmilləşdiriləcək və artıq bütün qərarları asanlıqla həmin sistem vasitəsilə əldə etmək mümkün olacaq.

– Bu gün digər bir qanunla artıq tətbiqinə başlanılan mediasiya sistemi üzrə maarifləndirmələr və fəaliyyətə başlanılacaq. Xatırladaq ki, yeni qanuna görə iqtisadi və mülki işlər üzrə mediasiyanı keçmədən məhkəməyə müraciət etmək mümkün olmayacaq.

– Vəkillərin hakimlər yaxud cinayət təqibini aparan qurumların əməkdaşları ilə qeyri-prosessual münasibətlərdə olmasına yol verilməyəcək və bu tip hallarla bağlı ciddi tədbirlər görüləcək.

– Məhkəmə hakimlərinin sayı ümumi olaraq 200 nəfər artırılacaq ki, bu da yaxın vaxtlarda hakimliyə qəbul imtahanlarının keçiriləcəyini deməyə əsas verir.

Ümumilikdə bu fərman Azərbaycan Respublikasında vətəndaşların keyfiyyətli hüquqi yardım almasının və ədalət mühakiməsinin şəffaflığının təmin edilməsində mütərəqqi rol oynayacaqdır.

Müəllif
Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər