10 C
Baku
Thursday, December 12, 2024

Norveçdə xəz istehsal edən təsərrüfatlara qadağa – İş adamları bunu “tarixi satqınlıq” adlandırır

Norveç hökuməti 2025-ci ilə qədər xəz istehsalı ilə məşğul olan vəhşi heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin qadağan olunması barədə planları şərh edib. İş adamları bu qadağa müqabilində biznesmenlərə təklif olunan maliyyə kompensasiyasını “tarixi satqınlıq” adlandırıblar.

Norveç KİV-lərinə istinadən, atıq ölkə parlamentinə təqdim edilmiş yeni qanun layihəsinə əsasən, heyvanların xəzini satmaq və ya bu xəzdən hər hansı başqa şəkildə istifadə etmək məqsədilə 2025-ci ildən sonra belə heyvanların saxlanması qanunsuz elan ediləcək. Təklif olunan qadağa 2018-ci ilin yanvarında əldə edilmiş razılaşmanın nəticəsidir. O vaxt sağçı hökumət kiçik liberal partiyanı öz sıralarına qoşub və həmin partiya bu tədbirin tətbiq olunmasını təkidlə tələb edib.

Bu biznesin nümayəndələri öz fəaliyyət sahələrinin tədricən ləğv edilməsi ideyası ilə əsasən barışıblar. Buna baxmayaraq, onlar hökumətin fermerlərə təklif etdiyi kompensasiya məbləği ilə razılaşmırlar. Norveç Xəz Fermaları Təşkilatlarının mətbuat katibi Quri Vormdal jurnalistlərə müsahibəsində deyib: “Bizə bir neçə kron təklif edirlər, bu isə fermaların sökülməsi ilə bağlı planlaşdırılan işlərin xərcini də ödəmir. Bu plan fermerləri müflisləşdirəcək”.

Hökumətin hesablamalarına görə, fermerlərin biznes fəaliyyətinin dayandırılması üçün təzminat kimi onlara təqribən 500 milyon kron (58 milyon dollardan çox) ödənilməlidir.

Hesablamalara görə, Norveçdə bu sahədə çalışanların sayı təqribən 500 nəfər, xəz satışından əldə edilən illik gəlirin həcmi isə 300 milyon krondan çoxdur (35 milyon dollardan çox). Dünyada su samuru xəzi istehsalının təqribən 1 faizi, tülkü xəzi istehsalının 2-3 faizi Norveçin payına düşür.

AzərTac

Son xəbərlər
Digər xəbərlər