Dünya Bankı Azərbaycanda istifadə edilən tütün və tütün məmulatları üçün müəyyən olunmuş vergi dərəcələrinin artırılmasını təklif edib.
Bankın Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib ki, siqaretə tətbiq edilən vergilərin artırılması insanların həm səhhəti, həm də gəlirləri baxımından müsbət addımdır: “Azərbaycanda siqaretə tətbiq edilən vergilərin dərəcəsi region ölkələri ilə müqayisədə azdır və onların gələcəkdə artırılması potensialı böyükdür. Hesab edirəm ki, buna daha çox diqqət yetirilməlidir. Bilirəm ki, vergi administrasiyası bu məsələ üzərində də çalışır. Bəzi ölkələrə fikir versək, görərik ki, onlarda vergi siqaretin qiymətinin, təxminən, 40-50 faizinə nə bərabərdir. Azərbaycan isə bu məsələdə bir qədər geri qalır”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Azər Mehdiyev qeyd edib ki, tütün məhsullarına aksiz dərəcələrinin məbləği məsələsi iqtisadi siyasətdə ən geniş müzakirə edilən və ziddiyyətli mövzulardandır: “Aksizlərin artırılmasını təklif edənlərin yanaşması ondan ibarətdir ki, bu, siqaretin qiymətini qaldırmaqla insanları siqaret çəkməkdən çəkindirir və əhalinin sağlamlığına xidmət edən addımdır. Ancaq, eyni zamanda, əks yanaşmalar da mövcuddur.
Ayrı-ayrı praktiki araşdırmalar göstərir ki, siqaretin qiyməti qalxdıqca siqaret çəkən insanlar ondan imtina etmək əvəzinə daha ucuz və keyfiyyətsiz siqaretlərdən istifadə etməyə meyil edirlər və bu halda bazarlar, adətən, keyfiyyətsiz məhsullarla dolur, nəticədə isə daha çox həmin aşağı gəlirli insanların həyat səviyyəsi daha da pisləşir”.
Tütün məhsullarına aksiz dərəcələrinin məbləği məsələsi iqtisadi
siyasətdə ən geniş müzakirə edilən və ziddiyyətli mövzulardandır
Ekspert hesab edir ki, siqaretə aksiz dərəcələrinin artırılmasına yalnız fiskal hadisə kimi yanaşılmamalıdır: “Vergi artdıqca həqiqətən də bahalı siqaretlərın daha da bahalaşması onun istehlakını bir qədər azaltsa da, daha ucuz siqaretin istehlakını artırır və bu da yeni problemlər doğurur. Əhalinin siqaretdən imtina etməsi, istehlak səviyyəsinin azalması üçün daha sistemli addımlara ehtiyac var. Nəzərə alaq ki, hökumətin bu istiqamətdə kampaniyalar aparmasına, müəyyən qanunlar qəbul etməsinə rəğmən, siqaret bazarı çox nəhəng bir bazardır. Bu sahədən xeyli pul qazananlar heç də həmin vəsaitləri əldən vermək istəmirlər və bu zərərli vərdişin yayılması üçün ciddi kampaniyalar aparırlar. Bu baxımdan, siqaretdən kütləvi imtina edilməsi istiqamətində kompleks proqramların həyata keçirilməsinə ehtiyac var”.
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə saytımıza açıqlamasında bildirib ki, siqaretdən istifadənin qarşısının alınması üçün əhali arasında maarifləndirmə işləri davam etdirilir. Ancaq problemin köklü həlli üçün bu, yetərli deyil: “Yalnız maarifləndirmə işləri aparmaqla siqaretdən istifadəni azaltmaq mümkün deyil. Burada vergi dərəcələrinin artırılması, siqaret vitrinlərinin tamamilə yığışdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, siqaret qutularının vahid dizaynda istehsal edilməsi də ondan istifadənin azalmasına kömək edər. Araşdırmalar göstərir ki, açıq satışda, vitrinlərdə maraqlı dizaynlı siqaret qutuları yeniyetmələri özünə daha çox cəlb edir. Bu da onların erkən yaşlarda siqaretə meyil etməsinə təkan verir. Ona görə də sadaladığımız işlərin gerçəkləşdirilməsi vacibdir”.
Dünya Səhiyyə Təşkilatının açıqlamalarına əsasən, Azərbaycanda siqaretdən istifadə göstəricilərində azalma müşahidə edilir. Ancaq passiv tütünçəkmə ilə bağlı rəqəmlər artır. Mütəxəssislərin rəyinə görə, siqaret çəkmək insanlar arasında yayılan 8 əsas xəstəlikdən 6-sı üçün risk mənbəyidir. Ağciyər xərcəngi olan insanların 90 faizi siqaret çəkənlərdir. Ürək-damar xəstəliklərini də bu sıraya qatmaq olar.
Onu da deyək ki, 2019-cu ilin birinci rübündə təkcə Gürcüstandan Azərbaycana idxal edilən siqaretin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 542 tona düşüb. Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına əsasən, 2018-ci ilin I rübündə Azərbaycan bu ölkədən 14. 275,8 min ABŞ dolları dəyərində 774,8 ton siqaret alıb.
©Vergilər.az