6 C
Baku
Saturday, December 14, 2024

Norveç Neft Fondu cari ilin ilk rübündə $84 milyardlıq rekord məbləğdə mənfəət əldə edib

Norveçdə neft və qaz satışından əldə edilən yüksək gəlirlər Qlobal Dövlət Pensiya Fondunda toplanır. Cari ilin ilk üç ayı ərzində rekord məbləğdə mənfəət əldə edilməsi sayəsində Fond keçən il məruz qaldığı itkiləri ödəyə bilib.

Norveç KİV-lərinə istinadən, neft və qaz satışından əldə edilən gəlirlər idarəçilik və Norveç dövlət sosial sisteminin maliyyələşdirilməsinə təkrar sərmayə qoyulur. 2019-cu ilin birinci rübündə Fond öz aktivlərinin təqribən 9,1 faizi qədər qazanc əldə edib.

Fondun rəhbəri İnqve Slinqstadın bəyanatında deyilir: “Bir rübdə 738 milyard kron (84 milyard dollar) mənfəət əldə edilməsi Fondun tarixində ən yaxşı göstəricidir”.

Bu məbləğ keçən il qeydə alınmış 485 milyard kron itkini artıqlaması ilə ödəyir. Keçənilki itkilər dünya fond bazarında göstəricilərin zəif olması ilə bağlı idi.

Slinqstad daha sonra deyib: “Səhmlərin iri investoru kimi biz dünya fond birjalarında dəyişikliklərə uyğun olaraq Fondun bazar dəyərinin əhəmiyyətli dərəcədə dəyişməsinə hazır olmalıyıq”.

Qeyd edək ki, Norveç Qlobal Dövlət Pensiya Fondu Avropada ən iri səhmdardır. Mart ayının sonunda Fondun aktivlərinin ümumi dəyəri 1 trilyon dollardan çox olub.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər