Məşhur şef Jamie Oliver restoran biznesi üzərində nəzarəti itirib. Hal-hazırda bir sıra müəssisələr xarici nəzarət altına keçib, bunun səbəbi isə əhəmiyyətli borc olmuşdur.
Banker.az xəbər verir ki, Londonda fəaliyyət göstərən “Jamie’s Italian”, “Fifteen” və “Barbecoa” restoranlarına KPMG nəzarət edəcək. Böyük Britaniya qanunvericiliyinə görə, şirkət üzərindəki rəhbərlik təyin olunmuş administratora həvalə edilir, hansının ki əsas vəzifəsi şirkətin borcunu ödəmək olacaq.
İngiltərənin “Daily Mail” nəşrinin verdiyi məlumata əsasən, “Jamie’s Italian” restoran şəbəkəsinin borcu 71,5 milyon funt təşkil edir.
Jamie Oliver öz Twitter hesabında bu hadisə ilə bağlı dərin məyusluq hissini keçirdiyini qeyd edib. O, uzun müddət ərzində bu biznesdə canla başla çalışan hər bir insana təşəkkürünü bildirib.
Restoran şəbəkəsinin iflasa uğraması ilə bağlı olaraq, mindən çox əməkdaş işsiz qala bilər. Qeyd olunur ki, bu qərar “Jamie’s Italian” restoranlarının beynəlxalq şəbəkəsinə təsir göstərməyəcək.
2018-ci ildə “Jamie’s Italian” in satışları demək olar ki, 11% düşmüşdür. Bununla əlaqədar 12 restoran bağlandı, 600 əməkdaş isə işdən azad edildi. Şirkəti iflasdan qurtaran əsas amil Oliver-in biznesə 13 milyon funt sterlinq sərmayə qoyması olmuşdur.