Süni intellekt dünyasının ən nüfuzlu adamını heç nə narahat etmir

Süni intellektin səbəb ola biləcəyi apokalipsisə inananlar üçün təhlükəli əlamətlər hər yerdə görünür. Təxminən dörd il əvvəl OpenAI ChatGPT-ni təqdim edəndə model hətta sadə hesablamaların öhdəsindən gələ bilmirdi. İndi isə şirkətin hələ ictimaiyyətə təqdim olunmamış versiyaları var və onlar kainatın dili hesab edilən ali riyaziyyatı yalnız ən yüksək ixtisaslı alimlərin kiçik bir qrupu istisna olmaqla, demək olar hamıdan yaxşı bilirlər.

Əgər bu süni intellekt sistemləri hələ dünyanın ən yaxşı hakerlərinə çevrilməyiblərsə, buna son dərəcə yaxınlaşıblar. Onların şəbəkələri nəzarətdən çıxır. Ən iddialı hücumlarını planlaşdırmaq üçün açıq internetdə özlərinə improvizə olunmuş kommunikasiya platformaları yaradırlar. Heç kim onların növbəti addımının nə olacağını bilmir və bunu bilmək getdikcə çətinləşir, çünki modellər artıq imkanlarının nə vaxt sınaqdan keçirildiyini anlayırlar. Ən qabaqcıl süni intellekt sistemlərinin nəzarətsiz qaldıqda necə davranacağını bundan sonra tam əminliklə söyləmək mümkün olmayacaq.

Süni intellekt sənayesinin ən nüfuzlu simalarından bəziləri qorxularını açıq şəkildə etiraf edir və dərin narahatlıq ifadə edən bəyanatlar verirlər. Şənbə günü Anthropic-in baş direktoru Dario Amodei xəbərdarlıq edib ki, özünü təkmilləşdirən süni intellekt yaxın gələcəkdə nəzarətdən çıxa və bütün internet üzərində üstünlük əldə edə bilər. O, inkişaf tempinin azaldılmasına çağırıb və şirkətinin işinə kənar müşahidəçilərin buraxılacağına söz verib. OpenAI rəhbəri Sem Altman dərhal oxşar tədbirləri qəbul etməyə hazır olduğunu açıqlayıb. Son həftələrdə hər iki şirkətdən bir neçə tədqiqatçı yaxın gələcəkdə yarada biləcəkləri texnologiyadan qorxduqları üçün ayrılıb.

Lakin yaxınlaşan fəlakətlə bağlı xəbərdarlıqlar səsləndirən bu şəxslərin arasında nəzərəçarpacaq şəkildə olmayan bir ad var: Nvidia-nın rəhbəri Censen Huanq. Onun şirkəti süni intellekt sənayesinin əsas çip istehsalçısı və yüksək səviyyəli yarımkeçiricilərin başlıca təchizatçısıdır.

Təkcə ötən həftə Huanq ən azı iki dəfə süni intellektlə bağlı ekzistensial qorxuları şişirdilmiş və elmi əsası zəif adlandırıb. Sentyabrın 10-da Goldman Sachs konfransında o, texnologiya şirkətlərinin rəhbərlərini öz məhsullarına tələbatı artırmaq üçün kibertəhlükəsizlik qorxularını bilərəkdən şişirtməkdə ittiham edib.

Tələbatı artırmağın əvvəlcə problemi özünüz yaratmaqdan daha yaxşı yolu varmı?” – Huanq bildirib.

Huanqın ən mühüm müştərilərini belə açıq şəkildə ələ sala bilməsi və bunun nəticələrindən qorxmaması onun nə qədər böyük təsirə malik olduğunu göstərir. Nə Amodei, nə də Altman Huanqla münasibətləri korlamağı özlərinə rəva görə bilərlər. Ən qabaqcıl modelləri öyrətmək üçün onların Nvidia çiplərinə ciddi ehtiyacı var.

Bu yarışda kimin irəli çıxmasından asılı olmayaraq, Huanq istənilən halda qazanan tərəfdə olacaq. O, həm avadanlıq satışlarından, həm də Nvidia-nın hər iki şirkətdə sahib olduğu paylardan faydalanır.

Hətta prezident Donald Tramp da ilin əvvəlində Çinə dövlət səfəri zamanı Huanqı özü ilə apararaq onun rəğbətini qazanmağa çalışıb. Bazar ertəsi Huanq məşhur All-In texnologiya podkastının çəkilişi zamanı səhnədə Amodeinin fəlakət ssenarilərini sərt şəkildə tənqid edərkən Tramp birbaşa onun mobil telefonuna zəng edib. Huanq telefonu səsgücləndiriciyə qoşub və zalın səs-küyü, alqışları fonunda hər iki şəxs Trampın ifadəsi ilə desək, bütün bu fəlakət proqnozlarının “tam mistifikasiya” olduğu fikrində razılaşıblar.

Huanq heç vaxt süni intellektlə bağlı katastrofik risklərdən ciddi narahatlıq nümayiş etdirməyib. 2023-cü ilin mayında, böyük dil modellərinin qeyri-adi dərəcədə güclü texnologiyaya çevrildiyi artıq aydınlaşanda, sənayenin 350-dən çox lideri, o cümlədən Amodei və Altman açıq məktub imzaladılar.

Həmin məktubda süni intellektin bəşəriyyətin məhvinə səbəb olma riski “pandemiyalar və nüvə müharibəsi kimi digər qlobal miqyaslı təhlükələrlə” eyni səviyyəyə qoyulurdu. Huanq bu bəyanatı imzalamadı. Nvidia-dan heç kim də imza atmadı.

Bu, ya şirkət daxilində heyrətamiz fikir birliyinin olduğunu, ya da məsələnin başqa cür izah edilməli olduğunu düşünməyə əsas verir. Elə həmin ilin sonlarında The New Yorker jurnalına müsahibəsində Huanq etiraf etmişdi ki, bu texnologiya onda heç vaxt təşviş yaratmayıb.

“Onun etdiyi yeganə şey məlumatları emal etməkdir. Dünyada narahat olmaq üçün bundan başqa çox şey var”, – Huanq demişdi.

Süni intellektin nələrə qadir ola biləcəyi ilə bağlı qorxular peşəkar dairələrin hüdudlarından kənara çıxdıqca Huanqın bu mövzuya qıcıqlanması da artır. Bunun səbəblərindən biri həmin əhval-ruhiyyənin onun biznesinə təhlükə yaratması ola bilər. Nvidia rəhbərinin müsahibə verməsi üçün göndərilən sorğuya şirkət cavab verməyib.

Huanq dəfələrlə dövlət tənzimlənməsi ilə bağlı çağırışları rədd edib və təhlükəsizliyin hüquqi deyil, mühəndislik məsələsi olduğunu vurğulayıb. Yanvarda No Priors podkastında o bildirmişdi ki, “dünyanın sonu ssenariləri nə insanlara, nə sənayeyə, nə cəmiyyətə, nə də hökumətlərə fayda verir”.

Bu yay Axios-a müsahibəsində isə süni intellektin bəşəriyyəti məhv edə biləcəyi ideyasını “tam cəfəngiyat” adlandırmışdı.

Eyni zamanda Huanq dəfələrlə Trampı Çinə çip satışına qoyulan məhdudiyyətləri yumşaltmağa inandırmağa çalışıb. Bu isə potensial olaraq süni intellekt tədqiqatlarının və onlarla bağlı istənilən risklərin bütün dünyada daha sərbəst yayılmasına imkan verə bilər.

Müntəzəm olaraq geniş esselər dərc edən Amodeidən fərqli olaraq, Huanq özünün azlıqda qalan mövqeyini müdafiə edən vahid manifest təqdim etməyib. Onun bu qədər sakit olmasının səbəbini anlamaq üçün müxtəlif vaxtlarda verdiyi açıqlamaları bir araya gətirmək lazımdır.

Son illərdə o, bir neçə dəfə süni intellekt sistemlərinin müəyyən mənada bir-birinə nəzarət edə biləcəyi fikrinə qayıdıb. 2024-cü ilin oktyabrında BG2 podkastında Huanq ən güclü modellərin monitorinqi üçün başqa süni intellekt sistemlərinə etibar etməyin mümkün olacağına əminliyini ifadə etmişdi. Bu yaxınlarda isə əlavə edib ki, texnologiyanın ucuzlaşması belə avtomatik nəzarəti daha da asanlaşdıracaq.

Süni intellektin artıq indi həm insan, həm də proqram təminatı formasında olan nəzarətçilərinin nəzarətindən çıxa bilməsi, görünür, Huanqı qorxutmur.

Açıq mənbələrdə izlənilə bildiyi qədər, yalnız bir dəfə o, bəşəriyyətin nəzarət etmək üçün həddən artıq güclü süni intellekt yarada biləcəyini qəbul edib.

“Nə vaxtsa bizim tanrı səviyyəli süni intellektimiz olacaq”, – Huanq hələ yanvarda bildirmişdi.

Lakin dərhal əlavə etmişdi ki, həmin gün hələ gəlib çatmayıb.

Görünən odur ki, indi Huanq malik olduğu böyük imkanlardan istifadə edərək həmin günün mümkün qədər tez gəlməsi üçün əlindən gələni edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər