Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu barədə Banker.az iki qurumun birgə məlumatına istinad edir.
Aparılmış araşdırmalarla, 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Bundan başqa, Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun eyni qaydada rayon Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış araşdırmalarla həmçinin, 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimovun eyni qaydada müvafiq maliyyə idarələrindən daxil olmuş ödəniş sənədlərinin (qəbzlərin) işlənilməsi zamanı 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alınmış həmin məbləği mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanmışdır.
Göstərilənlərlə yanaşı, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2017-2018-ci illər ərzində Qax rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat apararaq rəsmi sənədi saxtalaşdırmasına əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.
Vergilər Nazirliyi üzrə əmrlərlə xidməti fəaliyyətlərinin icrası zamanı yol verdikləri qanunazidd əməllərə görə müvafiq Ərazi Vergilər İdarələrinin 4 əməkdaşının vergi orqanlarında xidmətlərinə xitam verilmiş, 4 əməkdaş isə müvəqqəti olaraq tutduqları vəzifədən kənar edilmişlər.
Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcəkdir.