“Dəmiryolu ilə Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq”.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, Qəbələ istiqamətində olan dəmiryolu təqribən 45-46 km-dir. QSC sədri yolun coğrafi mövqeyinin bir qədər çətin olduğunu deyib:
“Həmin yolda sürüşmələr ola bilər. Belə ki, dəmiryolu məsləhətçi firmaların nəzarəti altında tikilir. Yolun bu ilin sonuna qədər torpaq yatağı bitəcək. Çalışırıq ki, yol və yol yatağını bitirək. Sürət orta hesabla 100 km olsa, 3 saat ərzində Bakıdan Qəbələyə getmək mümkündür”.
Xatırladaq ki, C.Qurbanov bir müddət əvvəl gələn ilin yay aylarından sərnişinlərin Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklərini qeyd etmişdi. O, həmçinin əlavə etmişdi ki, bu istiqamətdə əlavə 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir.
Report