7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Trans-Sibir dəmir yolu xəttinə qoşulur

Rusiya Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədi ilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini Trans-Sibir dəmir yolu xəttinə keçirməyi planlaşdırır.

Bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin RİA “Novosti”yə müsahibəsində bildirib.

“Bu layihə reallaşdırılır. O, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı razılığa əsasən həyata keçirilir. Söhbət axının bir hissəsini Trans-Sibir magistralı üzrə Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya yönəltməyə imkan verəcək iki müxtəlif enlikli (1435 və 1520 mm) dəmir yolu xəttindən gedir”, – A.Mişarin deyib.

Xatırladaq ki, 2017-ci ilin sonundan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşınması həyata keçirilir. İlkin mərhələdə bu marşrut üzrə yük daşımalarının həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, eləcə də 1 milyona yaxın sərnişin daşınacaq.

BTQ Çindən gələn malların Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. May ayında Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Tərəflər dəmir yolu sektorunda, milli dəmiryol şirkətlərinin nəqliyyat və tranzit potensialının inkişafı üzrə kompleks əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə ediblər.

Report

Son xəbərlər
Digər xəbərlər