Müəllif: Ruslan Süleymanlı. Marketinq menecer
“Həyat insan üçün heç də sadə deyil,əlbəttə ki,əgər o bayağı insan deyilsə.”Bir müdrik belə demişdi. İnsanlar həqiqətən də həyatın çətinlikləri arasında bəzən itib-batdıqlarını hiss edirlər.Belə hallarda Qərbdə insanlar psixoloqlara üz tutur,bizdə isə,adətən,dost-tanışa dərdimizi danışıb yüngülləşirik.Amma dost-tanışın da hər zaman sizi dinləmək üçün əl altında hazır dayanmadığını nəzərə alsaq, ən yaxşısı fərdi inkişaf haqqında yazıları oxumaqdır demək düzgün olar.Əgər bir səhər gözünü açıb da özünüzü həyatın problemlər labirintində görsəniz unutmayın ki,burda olmağınızın səbəbi də ,sizi ordan çıxaracaq qüvvə də elə siz özünüzsünüz.Elə isə özünüz haqqınızda bilməniz gərəkən 5 qaydanı yadda saxlayın:
1.Siz sadəcə gördüklərinizdən ibarət deyilsiniz.Hər nə qədər materialist elm insanın maddədən başqa bir şey olmadığını hesab etsə də,özünə diqqətlə yanaşan hər bir insan sadəcə bədəndən ibarət olmadığını hiss edir.Bəziləri bunu ruh,bəziləri enerji adlandırsa da fakt budur ki,insanən qeyri-maddi olan bir qüvvəsi var.Fizika elminin enerjinin itmədiyini sübut etməsindən sonra sizin bir hissənizin ölümsüz olduğu ortaya çıxır.Bu nə üçün lazımdır?Ölümsüz olduğuna bilmək insanı qorxulardan azad edir.Çünki psixologiya elmi bütün qorxuların əsasında ölüm- bir gün olmamaq qorxusunun yatdığını sübüt edib.Məsələn,müflis olmaqdan qorxan biri,əslində pulsuz qalsa ölümün qarşısında çarəsiz qalacağından qorxmaqdadır. Ölümsüzsünüzsə,arxaya söykənin və həyatın ləzzətini dadın.
2.Həyatda heç nə təsadüfi və ya xaotik deyil.Fəlsəfədə minillərdir mübahisə mövzusu olan zəruriyyət yoxsa təsadüf anlayışı var.Məsələ burasındadır ki,həyat səbəb nəticə üzərində qurulub.Kim nə edirsə,o həcmdə də qarşılığını görür.Eyni universiteti bitirən iki insandan biri yüksəlib,o biri heç iş tapmaya bilər.Lakin insan aşağıda qalmağa razı deyilsə,buna müqavimət göstərirsə və bunu dönmədən davam etdirirsə,şübhəsiz,o,bir gün mütləq yüksələcək.Hər zaman söylənilən Edison örnəyini yadınızda saxlayın.O elektrik lampasını yüzlərlə uğursuz cəhddən sonra ixtira etmişdi.
3.Heç bir böyük dəyişiklik birdən-birə baş verməz.Qəflətən böyük dəyişikliklər xəyallarda olur. Hətta, qəflətən böyük dəyişiklər baş versə belə,məsələn, lotereyada udaşa sahib olub bir anda milyoner olsanız belə,10 haldan 9-da siz müflis olacaqsınız.Çünki qəflətən böyük dəyişiklikləri idarə etmək olduqca çətindir. Ən yaxşısı kiçik lakin davamlı addımlarla hədəfə çatmaqdır.Məşhur sprinter Milleman belə demişdir:”Mən heç vaxt 100 mil qaçmadım.Bu mümkün deyildi.Mən 1000 dəfə bir mil qaçdım.”
4.Siz özünüzə kömək etmədikcə heç kəs sizə kömək edə bilməz.Bir atalar sözündə deyilir ki,”əvvəlcə evin içi.”Bu həm də əvvəlcə insanın özü deməkdir.Xeyirxah insanların yardımına ümid etmək əlbəttə ki,sizin hüququnuzdur.Lakin siz verilən şanslardan istifadə etmədikcə heç kəs sizə ikinci dəfə şans verməyəcək.Elə isə ən yaxşısı öz həyatınızın cilovunu əlinizə alın və unutmayın ki,özünüzün həll edə bilmədiyiniz problem, sizə başqalarının sizin üçün həll etdiyi problemdən daha çox şey öyrədəcək.
5.Heç vaxt xırda detallara alüdə olub,böyük rəsmi gözdən qaçırtmayın.Tarix bizə Renesans dövrünün italyan rəssamı Yakop de Pontormonun adını saxlayıb.İstedadlı heykəltəraş və rəssam olan Pontormo Florensiya hersoqu Mediçi tərəfindən San Lorenso kilsəsinin baş memarı təyin olunur.İllərlə kilsədə işləyən və detallara alüdə olan Pontoma ideyaları oğurlanmasın deyə heç kəsə işləri ilə tanış olmağa icazə vermir və işləri uzatdıqca uzadır,nəhayət,bitirməyə macal tapmadan ölür.Ölümündən sonra kilsəyə daxil olan digər memarlar divarlardakı rəsmlərin detallarının içərisində az qala dəli olurlar.Pontorma şəkillərin detallarına o qədər alüdə olmuşdu ki,kilsənin ümümi mənzərəsi tamamilə yadından çıxmışdı.
Bizlər üçün həyatın ümümi mənzərəsi nə qədər adlara və ya titullara malik olduğumuz deyil,bunlara rəğmən insan olaraq qala bilməkdir.İşlərin,pulun,şöhrətin və ya qayğıların içərisində bu faktı unutmağa meylli oluruq.İnsanın dəyəri nəyə can atması ilə ölçülür,insan olaraq qalmağa cəhd etdikcə siz ölçülməyəcək dəyərə sahib olacaqsınız.