“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin 2-ci rübündə cəmi aktivləri 194,16 milyon manat olub ki, bu da illik müqayisədə 15,5% az deməkdir.
Banker.az bu barədə Bankın 2019-cu ilin II rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.
2018-ci ilin 31 dekabrına olan hesabatına əsasən, “Ziraat Bank”ın cəmi aktivləri 225,64 mln manat təşkil edib ki, son 6 ayla müqayisədə iyun ayında cəmi aktivlər 14% azalıb.
2019-cu ilin II rübündə aktivlərin 121,116 mln manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, ötən ilin II rübü ilə müqayisədə bu il bankın kredit portfeli 35% böyüyüb. Son 6 ayda isə Bankın kredit portfeli 17% artıb.
“Ziraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri illik müqayisədə 23,4% azalaraq 124,728 mln manat olub. Bankın depozit portfeli 65,658 mln manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 30,4 % az deməkdir. “Ziraat Bank”ın balans kapitalı isə 3,5% artaraq 69,432 mln manat təşkil edib.
2019-cu ilin II rübündə depozit porfelinin 12,323 mln. manatı fiziki şəxslərin və 12,980 mln. manatı isə hüquqi şəxslərin tələbli depozitləridir. Azalmanın əsas səbəbi hüquqi şəxslərin tələbli depozitlərin 9,740 mln manatını geri çəkməsi hesabınadır.