Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlamışdı. Açıq mənbələrdən göstərilir ki, Fondda valyutanın 1,2 %-i Çin yuanındadır. Son günlərdə isə Çin yuanı öz dəyərini itirib, ucuzlaşıb. Çin yuanının ucuzlaşması səbəbi ilə Fond nə qədər məbləğ pul itirib?
Fonddan verilən məlumata əsasən 2019-cu ilin ilk yarım ilinin sonuna ARDNF-nin aktivlərinin həcmi 42,646 milyon ABŞ dolları olmuşdur.
“Bildiyiniz kimi, ARDNF öz valyuta vəsaitlərini illik əsasda təsdiq edilən İnvestisiya Siyasəti ilə müəyyən edilən çərçivədə müxtəlif valyutalarda ifadə edilən aktivlərdə yerləşdirir ki, cari ilin ilk yarımilinin sonuna da Çin yuanında ifadə edilən aktivlərin həcmi ümumi aktivlərin təqribən 1,2%-ni təşkil etmişdir.
Öncələr də qeyd etdiyimiz kimi, ARDNF-nin idarəetməsində olan vəsaitlərin gəlirliliyinin ölçülməsi onların ifadə olunduqları hər bir valyuta üzrə ayrılıqda aparılır və ümumi portfelin də gəlirliliyinin hesablanması müvafiq valyutalar üzrə investisiya dəyərinin portfeldəki payına uyğun olaraq həyata keçirilir. Lakin xüsusilə vurğulamaq lazımdır ki, Fondun valyuta vəsaitlərinin əsas gəlirlilik göstəricisi məhz aktivlərdən kupon (dividend, icarə haqqı), eləcə də əsas kapitalın dəyərinin dəyişməsi nəticəsində əldə edilən gəlirlərdir. Bildiyiniz kimi, ARDNF-də Çin yuanında ifadə edilən aktivlərə 2015-ci ilin iyun ayında başlanılmışdır və ümumi olaraq yerləşdirilən sərmayələrin həcmi 3,0 milyard Çin yuanı təşkil etmişdir. İnvestisiya dövrü ərzində isə bu yatırımların dəyəri artaraq cari ilin ilk yarım ilinin sonuna 3,4 milyard Çin yuanı qeydə alınmışdır”.
Mətbuat xidmətinin açıqlamasında bildirilib ki, ARDNF-nin vəsaitlərinin bazar dəyəri Fondun fəaliyyətini tənzimləyən qanunvericiliyə əsasən investisiya portfeli üçün bazar valyutası olan ABŞ dollarında da təqdim olunur.
“Öncələr də vurğuladığımız kimi, hər bir aktiv növü üzrə məzənnə dəyişkənliyi onun ABŞ dollarında olan ümumi gəlirliliyini təşkil edən komponentlərdən yalnız biridir ki (əsas kapitalın dəyəri və kupon komponentləri ilə yanaşı), nəticədə də mənfi məzənnə dəyişkənliyinə baxmayaraq, digər komponentlərin ümumi gəlirliliyə toplam müsbət töhvəsi nəticəsində Çin yuanında yerləşdirilən aktiv investisiyalarına başlanılma tarixindən etibarən olan dövr ərzində sözügedən aktivlər üzrə ABŞ dollarında da ümumilikdə müsbət gəlirlilik müşahidə edilmişdir.
Sonda isə bir daha vurğulamaq istərdik ki, ARDNF-nin investisiya siyasətinə əsasən Fondun vəsaitlərinin idarə olunması strategiyası uzunmüddətli dövr üçün nəzərdə tutulub və maliyyə bazarlarındakı çox qısamüddətli dalğalanmalardan, xüsusilə məzənnə dəyişikliklərindən yarana biləcək zərəri Fondun vəsaitlərinin artım tempinin dayanıqlığı üçün təhlükə və ya Fond üçün birbaşa itki hesab etmək yanaşma olaraq reallığa tam uyğun deyildir”.
©Modern